2025-ci il Afrika Millətlər Kubokunun finalında qalibin müəyyənləşdirilməsi ilə bağlı Mərakeş və Seneqal arasında hüquqi mübahisə davam edir.
Sportify.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsinin (CAS) yaxın vaxtlarda qarşılaşma ilə bağlı qərarını açıqlaması gözlənilirdi. Lakin hazırda Mərakeş tərəfi Seneqalı məhkəmə nümayəndələri ilə qaydalara zidd əlaqələr saxlamaqda ittiham edir.
"RMC Sport"un məlumatına görə, iş üzrə təyin edilmiş üç CAS hüquqşünasından biri qərardan əvvəl Seneqal Futbol Federasiyasının rəhbəri ilə telefon danışığı aparıb.
Qaydalara əsasən, tərəflərin işə təyin olunmuş hüquqşünaslarla məhkəmə prosesi çərçivəsindən kənarda hər hansı əlaqə saxlaması qadağandır. Bu səbəbdən Mərakeş tərəfi telefon danışığı ilə bağlı Seneqala qarşı şikayət və ya apellyasiya müraciəti edə bilər.
Nəşr Seneqal Futbol Federasiyası ilə əlaqəli bir neçə mənbəyə müraciət etsə də, onların heç biri telefon danışığının baş verdiyini təsdiqləməyib.
Xatırladaq ki, qalmaqal final matçının 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndalanın Mərakeşin xeyrinə penalti təyin etməsindən sonra başlayıb. Buna etiraz olaraq Seneqal millisinin futbolçuları meydanı tərk ediblər. Fasilə 15 dəqiqədən çox davam edib. Daha sonra komandanın kapitanı Sadio Mane komanda yoldaşlarını oyuna qayıtmağa razı salıb.