İspaniyanın nüfuzlu idman nəşri "Mundo Deportivo" UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması ərəfəsində Bakıdan videoreportaj yayımlayıb.
İdman.Biz xəbər verir ki, Kataloniya klubu ilə birlikdə Azərbaycan paytaxtına gələn nəşrin xüsusi müxbiri Joan Poki Bakıda hökm sürən soyuq və küləkli hava şəraitinə diqqət çəkib.
İspaniyalı jurnalist oyun günü küləyin sürətinin arabir saatda 100 kilometrə çata biləcəyini qeyd edib.
Nəşr hava şəraitinə həsr etdiyi digər məqaləsində uzun səfərlə yanaşı, meteoroloji şəraitin də "Barselona" üçün əlavə çətinlik yarada biləcəyini vurğulayıb.
"Mundo Deportivo"nun məlumatına görə, bu gün Bakıda küləyin sürəti arabir saatda 70 kilometrə çatıb. Noyabrın 25-də isə küləyin daha da güclənəcəyi, xüsusilə saat 09:00-dan 16:00-dək intensiv olacağı gözlənilir.
Bununla belə, qarşılaşmanın başlanmasına yaxın küləyin səngiyəcəyi, sürətinin saatda 8-20 kilometr arasında dəyişəcəyi proqnozlaşdırılır.
İspaniya nəşrinin diqqət çəkdiyi digər məqam isə yağış və soyuq havadır. Bildirilir ki, oyun zamanı yağıntı ehtimalı 85 faiz təşkil edir. Havanın temperaturunun dörd dərəcə isti, hiss edilən temperaturun isə sıfırdan aşağı olacağı gözlənilir.
Kataloniya təmsilçisi günün ilk yarısında məskunlaşdığı hoteldə fiziki məşq edib.
Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" qarşılaşması saat 21:45-də başlayacaq.