İdman Arbitraj Məhkəməsi (CAS) 2025-ci il Afrika Millətlər Kubokunun qalibi ilə bağlı yekun qərarını açıqlayıb.
Sportify.az xəbər verir ki, məhkəmə Seneqal Futbol Federasiyasının şikayətini təmin edərək yığmanın 1:0 hesablı qələbəsini qüvvədə saxlayıb.
CAS Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsinin Seneqal millisinə texniki məğlubiyyət (0:3) verilməsi barədə qərarını ləğv edib.
Xatırladaq ki, yanvarın 18-də keçirilmiş final matçında Seneqal Mərakeşi əlavə vaxtda Pap Qeyenin vurduğu qolla 1:0 hesabı ilə məğlub edib. Görüşün 90+9-cu dəqiqəsində baş hakim Jan-Jak Nqambo Ndala Mərakeşin lehinə penalti təyin edib. Buna etiraz olaraq Seneqal futbolçuları meydanı tərk ediblər. Fasilə 15 dəqiqədən çox davam edib. Daha sonra kapitan Sadio Mane komanda yoldaşlarını oyuna qayıtmağa razı salıb.
Mərakeş millisinin futbolçusu Brahim Dias 90+23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. O, "Panenka" üslubunda vurduğu zərbədə topu qapıçı Eduar Mendinin əllərinə göndərib.
Beləliklə, CAS-ın qərarı ilə Seneqalın Afrika çempionluğu rəsmən təsdiqlənib.