Hollandiya klubunun qanad oyunçusu qərarını orqanizminin səsini dinləmək ehtiyacı ilə izah edib
NEC-ın qanad oyunçusu 29 yaşlı Emre Mor səhhətindəki problemlərə görə peşəkar futbol karyerasını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Lent.az bildirir ki, futbolçu bu barədə "Instagram" səhifəsində məlumat verib.
Türk oyunçunun sözlərinə görə, o, son illərdə sağlamlıq problemləri ilə mübarizə aparır. Nəticədə Mor orqanizmini dinləmək və öz rifahına diqqət yetirmək üçün yarışlardan fasilə vermək qərarına gəlib.
"Uzun illər davam edən çətin sağlamlıq problemlərimdən sonra peşəkar futboldan müvəqqəti olaraq uzaqlaşmaq üçün çətin bir qərar verdim. Ürəyim hələ də oynamaq istəyir, amma bədənim mənə deyir ki, hazırda başqa bir şeyə ehtiyacı var.
Gələcəkdə nə olacağını bilmirəm, amma ümid edirəm ki, bir gün futbol meydanına qayıda biləcəyəm. Bu, xəyal etdiyim vida deyil və ümid edirəm ki, bu, sonuncu olmayacaq", - oyunçu yazıb.
Karyerası ərzində Mor bir sıra tanınmış klublarda, o cümlədən "Fənərbaxça", "Qalatasaray", "Olimpiakos", "Selta Viqo", Dortmund "Borussiya"sı, "Eyüpspor" və "Fatih Karagümrük"də oynayıb.
O, həmçinin Türkiyə millisində də 15 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.