Azərbaycan futbolunun tanınmış veteranlarından, "Şamaxı" klubunun futbol akademiyasının koordinatoru Vəli Qasımov "Barselona" ilə qarşılaşma təcrübəsi olan azsaylı yerli futbol nümayəndələrindəndir.
O, 31 il əvvəl İspaniya nəhənginə qarşı meydana çıxıb. İndi isə kataloniyalıların Bakıda "Sabah"la keçirəcəyi oyun ərəfəsində gözləntilərini İdman.Biz-lə bölüşüb.
Vəli Qasımov 1995-ci il noyabrın 18-də İspaniya çempionatının XIII turunda "Albasete"nin heyətində "Barselona"ya qarşı oynayıb. "Kamp Nou" stadionunda 40 min azarkeşin izlədiyi qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Həmin vaxt 27 yaşı olan azərbaycanlı hücumçu meydana start heyətində, 9 nömrəli forma ilə çıxıb və matçın sonunadək oynayıb.
O dövrdə "Barselona"ya əfsanəvi Yohan Kroyf rəhbərlik edirdi. Komandanın heyətində Pep Qvardiola, Georgi Hacı, Georgi Popesku, Robert Prosineçki və Migel Anxel Nadal kimi ulduzlar çıxış edirdi. Qolları Hacı (14-cü dəqiqə, penalti), Popesku (62) və Prosineçki (85) vurublar. Sonuncu 2014-2017-ci illərdə Azərbaycan millisinə də baş məşqçilik edib.
Qasımov qarşıdakı "Sabah" - "Barselona" matçının ilk növbədə Azərbaycan futbol azarkeşləri üçün böyük bayram olacağını bildirib. O, rəqibin gücünü nəzərə alsa da, təmsilçimizdən yaxşı oyun gözlədiyini vurğulayıb:
"Bizi, əlbəttə ki, çox maraqlı oyun gözləyir. Aydındır ki, "Sabah" üçün çox çətin olacaq. Çünki "Barselona" indiyədək Bakıya gəlmiş ən güclü klublardan biridir. Lamin Yamal zədə səbəbindən Bakıya gəlməsə də, bu qarşılaşma azarkeşlərimiz üçün böyük bayramdır.
Çempionumuzdan da yaxşı oyun gözləyirik. Ümid edirəm ki, futbolçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər. "Sabah"a uğurlar arzulayıram. Sabahkı matçda meydan sahiblərinin xal qazanması çox yaxşı olardı".
Azərbaycan futbolunun veteranı komandalar arasındakı səviyyə fərqinin də qarşılaşmanın gedişinə təsir edəcəyini düşünür. Onun fikrincə, "Sabah"ın məşqçilər korpusu rəqibi təhlil etsə də, futbolçuların fərdi keyfiyyətləri baxımından kataloniyalılar üstün görünür:
"Şübhəsiz ki, "Sabah"ın məşqçilər korpusu "Barselona"nın oyununu təhlil edib. Ancaq burada iki klubun futbolçuları arasındakı səviyyə fərqini nəzərə almaq lazımdır. Bu baxımdan kataloniyalılar Bakı təmsilçisindən xeyli üstündür. Buna baxmayaraq, düşünürəm ki, məşqçi belə rəqibə qarşı necə oynamaq lazım olduğunu müəyyənləşdirəcək. Hazırda əksər komandalar açıq futbol oynamağa üstünlük verirlər. Bizim dövrümüzdə isə oyun bir qədər fərqli idi".
Keçmiş hücumçu 1995-ci ilin "Barselona"sı ilə indiki komandanı müqayisə etməyin çətin olduğunu da bildirib. Onun sözlərinə görə, klub bütün dövrlərdə dünyanın ən güclü futbolçularını heyətinə cəlb etmək imkanına malik olub:
"Barselona" həmişə özünəməxsus oyun üslubu ilə seçilib. Bu, bütün dövrlərdə dünyanın ən güclü futbolçularını transfer edə bilən böyük klubdur. Təbii ki, illər keçdikcə futbol da, oyunçuların düşüncə tərzi də dəyişir. Bu, çox vacib məqamdır. Ona görə də müasir futbolçu 30 il əvvəlki həmkarından fərqlənir.
Hansı "Barselona"nın daha güclü olduğunu – indiki, yoxsa 1995-ci il nümunəsini demək çətindir. Amma bir şeyi dəqiq söyləmək olar: belə komandalarla istənilən dövrdə oynamaq çox çətin olub. Kataloniya klubunda yüksək maaş alan futbolçular çıxış edir və onlar meydanda bizim futbolçulardan qat-qat sürətli düşünürlər".
Xatırladaq ki, "Sabah" – "Barselona" oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra 9 xalı olan İspaniya klubu turnir cədvəlinin beşinci, 3 xala malik "Sabah" isə 31-ci pilləsində qərarlaşıb.