Azərbaycan Premyer Liqasında XII turun oyunları başa çatdı. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra çempionatın ikinci dövrəsinə start verildi. Tur altı qarşılaşma, 18 qol, bir heç-heçə və dörd səfər qələbəsi ilə yadda qaldı. "Sabah"ın "Sumqayıt" üzərində böyükhesablı qələbəsi, "Neftçi"nin liderliyini qoruması, "Turan Tovuz"un uğurlu çıxışı və "Qarabağ"ın Gəncədə xal itirməsi turun əsas hadisələri oldu.
"İmişli" ilə "Zirə" arasında maraqlı və dramatik mübarizə yaşandı. İlk hissənin 44-cü dəqiqəsində Davit Volkov hesabı açdı, ikinci hissənin 55-ci dəqiqəsində Rikardo Martins fərqi iki topa çatdırdı. Lakin "İmişli" oyundan qopmadı və Seyxan Fərəcovun 71-ci və 76-cı dəqiqələrdə penaltidən vurduğu qollarla hesabı bərabərləşdirdi. Taktiki baxımdan "Zirə"nin ikiqolluq üstünlükdən sonra oyunun tempini və müdafiə balansını qorumaqda çətinlik çəkməsi diqqət çəkdi. Komanda hesabda irəli olsa da, rəqibin oyuna qayıtmasının qarşısını ala bilmədi. "İmişli" isə hesabda geridə olduğu mərhələdə mübarizliyini qorudu, hücum təşəbbüsünü artırdı və qazandığı penalti imkanlarını maksimum dəyərləndirdi. "Zirə" üçün bu nəticə itirilmiş iki xal, "İmişli" üçün isə xarakter nümayiş etdirərək, əldə olunmuş vacib bir xal kimi qiymətləndirilə bilər.
"Qəbələ" səfərdə "Şəfa"nı 2:0 hesabı ilə məğlub etdi. İlk hissədə komandalar hesabı aça bilməsələr də, ikinci hissədə Şahin Şahniyarov 59-cu dəqiqədə fərqlənərək qonaqları önə çıxardı. Əlavə olunmuş 90+2-ci dəqiqədə Meşak Uboçioma ikinci qolu vuraraq qələbəni rəsmiləşdirdi. Oyunun taktiki mənzərəsində "Qəbələ"nin səbirli hücum quruculuğu və müdafiədə təşkilatlanmış oyunu diqqət çəkdi. Komanda hesabı açmaq üçün tələsmədi, rəqibin müdafiə xəttində boşluqlar yaranmasını gözlədi və ikinci hissədə fürsətlərini reallaşdırdı. "Şəfa" isə xüsusilə hesabda geriyə düşdükdən sonra hücumda daha çox risk etməli oldu. Bu vəziyyət müdafiə balansının pozulmasına və son dəqiqələrdə ikinci qolun buraxılmasına gətirib çıxardı. "Qəbələ" üçün bu qələbə turnir cədvəlinin aşağı hissəsindən uzaqlaşmaq baxımından əhəmiyyətli idi.
SPORTİNFO.AZ