"Barselona"nın futbolçusu Entoni Qordon yenidən Azərbaycan komandası ilə oyunda fərqlənib. Fevralda "Nyukasl"ın heyətində "Qarabağ"ın qapısından 4 top keçirən ingiltərəli hücumçu bu dəfə Çempionlar Liqasının 5-ci turunda "Barselona"nın "Sabah"ı 4:1 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı seçilən Qordon oyundan sonra "Bakı kralı" olub-olmadığı barədə sual verilib və Qordon bu cavabı verib: “Belə deməzdim (gülür), amma bura mənim üçün xüsusi yerdir. Əslində, het-trik etməli idim, sol ayağımla vurduğum epizodda fürsəti qaçırdım. Çox sevincliyəm”.
Vinger matçın asan keçmədiyini, xüsusilə Barselonadan bu qədər uzaqda oynamağın çətinlik yaratdığını etiraf edib: "Son günlər səfər və ailəmizdən uzaqda olmaq səbəbindən asan keçmədi. Amma üzərimizə düşən işi yerinə yetirdik və "Sabah"a hörmətlə yanaşdıq. Onlar yaxşı komandadır".
Qordon "Barselona"nın oyunundan da razılıq ifadə edib: "Öndə yaxşı pressinq etdik, qol imkanlarımız oldu və onlardan yararlandıq. Bu komandanın bir parçası olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq həmişə əsas məqsədimizdir. Hücum etməkdən əl çəkmədik, çünki bu, bizim oyun üslubumuzdur".
Sonda futbolçu Bakıya yenidən qayıtmaq istəyib-istəmədiyi ilə bağlı suala zarafatla cavab verib: "Bəli, yenidən qayıtmaq istəyirəm (gülür). Ümid edirəm ki, tezliklə bura qayıdacağam".