Azərbaycanın paytaxtına səfər edən ispaniyalı jurnalistlər "Sabah" - "Barselona" (1:4) matçı ilə bağlı təəssüratlarını bölüşüblər.
İdman.Biz xəbər verir ki, Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunun qarşılaşmasına həsr olunan "La Vanguardia", ARA və "Mundo Deportivo" nəşrlərinin xüsusi müxbirləri reportajlarında təkcə komandaların oyununa deyil, Bakı Olimpiya Stadionundakı atmosferə, azarkeşlərin davranışına və Azərbaycan klubunun xüsusiyyətlərinə də xüsusi diqqət yetiriblər.
Belə ki, "La Vanguardia" nəşrinin müxbiri Anais Marti Errero reportajına Bakı üzərindəki bədirlənmiş ayı, pirotexniki vasitələri, tribunada Azərbaycanın Prezidenti İlham Əliyevin iştirakını və onun müşahidələrinə görə, stadionda təhlükəsizlik əməkdaşlarının funksiyalarını yerinə yetirən təxminən 400 hərbçinin olmasını təsvir etməklə başlayıb.
İspaniyalı jurnalistin diqqətini çəkən ən maraqlı məqamlardan biri yerli azarkeşlərin "Barselona"nın hücumçusu Entoni Qordonun hərəkətlərinə reaksiyası olub. İngiltərəli futbolçu demək olar ki, hər dəfə topa toxunduqda fitə basılıb.
Errero futbolçuya qarşı bu münasibətin səbəbini cari ilin fevralında baş verən hadisələrlə əlaqələndirib. Həmin vaxt Qordon "Nyukasl"ın heyətində çıxış edərkən Çempionlar Liqası çərçivəsində Bakıda "Qarabağ"ın qapısına dörd qol vurmuşdu (6:1). "Sabah"la "Qarabağ"ın Azərbaycan çempionatındakı rəqabətini nəzərə alan jurnalist azarkeşlərin belə davranışının milli həmrəyliyin təzahürü ola biləcəyini ehtimal edib.
Stadionun səsli elan sisteminin fəaliyyəti də diqqətdən kənarda qalmayıb. Errero müxtəlif dillərdə, o cümlədən Azərbaycan və ispan dillərində səsləndirilən elanlara, eləcə də qarşılaşma zamanı səslənən musiqilərə diqqət çəkib. Jurnalist xüsusilə Coy-Lens Mikelsin qolundan sonra səsləndirilən musiqini tənqidi qiymətləndirərək onu kənd bayramındakı musiqi ilə müqayisə edib.
"La Vanguardia" nəşrinin xüsusi müxbiri Anais Marti Errero yazıb:
"Fermin topu uğursuz şəkildə itirdikdən sonra stadionun dözülməz səsli elan sistemi daha da fəallaşdı. Mikelsin – "Sabah"ın bombardirinin qolunu qeyd etmək üçün kənd bayramının bağlanış mərasimində səslənən musiqiyə bənzər növbəti melodiya işə düşdü".
Jurnalisti "Sabah"ın beynəlmiləl heyəti də maraqlandırıb. O qeyd edib ki, Bakı klubunun start heyətində 10 müxtəlif ölkənin təmsilçisi yer alıb. Ümumilikdə isə litvalı mütəxəssis Valdas Dambrauskasın sərəncamında 18 millətin futbolçuları var.
Oyunun özünə gəlincə, Errero kataloniyalıların ilk qoluna qədər komandalar arasındakı səviyyə fərqinin o qədər də nəzərə çarpmadığını etiraf edib.
"30-cu dəqiqədə tam bərabərlik olduğu təəssüratı yaranırdı", – deyə jurnalist yazıb.
Bakıda olan digər xüsusi müxbir, Kataloniyanın ARA nəşrindən Toni Padilya isə soyuq və küləkli hava şəraitinə, Bakı Olimpiya Stadionunun böyüklüyünə və tribunaların dəstəyinin xarakterinə diqqət yetirib. Onun subyektiv qənaətinə görə, tamaşaçıların əhəmiyyətli hissəsi stadiona, ilk növbədə, "Barselona" futbolçularını canlı izləmək imkanı əldə etmək üçün gəlib.
Bununla yanaşı, Padilya qarşılaşmanın başlanğıcında Dambrauskasın yetirmələrinin əzmkarlığını yüksək qiymətləndirib.
"Demək olar ki, sovet intizamı ilə çalışdırılan litvalı məşqçinin rəhbərlik etdiyi "Sabah" ilk dəqiqələrdə üç real qol imkanı yaratdı", – deyə ARA-nın müxbiri qeyd edib.
Jurnalistin sözlərinə görə, kataloniyalıların həddindən artıq arxayınlığı ilə meydan sahiblərinin yüksək motivasiyasının birləşməsi nəticəsində "Barselona" ilk 30 dəqiqə ərzində ciddi çətinliklərlə üzləşib. Topun çoxsaylı itirilməsi Azərbaycan komandasına təhlükəli əks-hücumlar təşkil etməyə imkan verib, yerli azarkeşlər isə müəyyən müddətə sensasiyanın mümkünlüyünə inanmağa başlayıblar.
Padilya tarixi paralel də apararaq vaxtilə Kataloniya nəhənginə ciddi problemlər yaradan Latviya "Skonto"sunu və Rusiyanın "Rubin"ini xatırladıb. Jurnalistin fikrincə, "Sabah" da onların yolunu təkrarlamağa çalışıb. Lakin sonda "Barselona" futbolçularının fərdi ustalığı qarşılaşmanın taleyini həll edib.
Oxşar fikirlər Mundo Deportivo nəşrinin xüsusi müxbiri Xoan Pokinin "Yenilənmiş "Barselona"nın ekzotik böyükhesablı qələbəsi" adlı reportajında da səsləndirilib.
İspaniyalı jurnalist "Sabah" futbolçularının həvəs və coşqusunu ilk hissənin fərqləndirici xüsusiyyətlərindən biri adlandırıb. O, Du Keyros və Kristian Nvaçukvunun təhlükəli hücumlarını xüsusi qeyd edib.
Pokinin fikrincə, məhz Qordonun ilk qolu qarşılaşmaya inamsız başlayan kataloniyalılara rahatlıq gətirib.
"Sabah" böyük həvəslə müqavimət göstərirdi, lakin hücumların son mərhələsində dəqiqlik çatışmırdı", – deyə jurnalist vurğulayıb.
Onun qiymətləndirməsinə görə, ikinci hissədə futbolçuların fərdi ustalığı arasındakı fərq həlledici amilə çevrilib. Bununla belə, Mikelsin qolu Azərbaycan komandasına onun üçün tarixi əhəmiyyət daşıyan qarşılaşmada ləyaqətini qorumağa imkan verib.
Beləliklə, hesabın böyük olmasına baxmayaraq, hər üç ispaniyalı müxbir bu fikirdə həmrəy olub ki, "Sabah" qarşılaşmanın ilk üçdəbir hissəsində Avropanın ən titullu klublarından biri ilə mübarizə aparmağı bacarıb. Lakin Azərbaycan təmsilçisi ilk qolu vurmaq üçün yaranmış imkanlarından yararlana bilməyib.