UEFA Millətlər Liqasının oyunlarında qeydə alınan qayda pozuntularına görə bir sıra intizam qərarları qəbul edib.
İdman.Biz "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası İngiltərə millisi ilə qarşılaşmanın gec başlamasına görə 10 min avro (18 607 manat) məbləğində cərimələnib.
Qayda pozuntusu sentyabrda Londonun "Uembli" stadionunda keçirilən görüşdə qeydə alınıb.
Fransa Futbol Federasiyası da Türkiyə ilə qarşılaşmanın vaxtında başlamamasına görə eyni məbləğdə cərimələnib. Bundan əlavə, UEFA Fransa millisinin baş məşqçisi Zinəddin Zidana xəbərdarlıq edib.
Portuqaliya Futbol Federasiyasına isə daha ağır maliyyə sanksiyası tətbiq olunub. Norveçlə görüşdə komandanın qeyri-münasib davranışına görə federasiya 20 min avro (37 214 manat) məbləğində cərimələnib. Yığmanın baş məşqçisi Jorje Jezuşa da xəbərdarlıq edilib.
Qeyd edək ki, bundan əvvəl FIFA martda Misirlə keçirilən yoldaşlıq görüşündə azarkeşlərin müsəlmanlara qarşı şüarlar səsləndirməsinə görə İspaniya federasiyasını 20 min dollar (34 min manat) məbləğində cərimələyib. Həmçinin komandanın növbəti yoldaşlıq görüşünün tribunaların qismən bağlı olması şəraitində keçirilməsi barədə qərar qəbul edilib.
İspaniya federasiyası hazırda həmin qərardan şikayət vermək imkanını nəzərdən keçirir.