Belçikanın "Brügge" futbol klubunun portuqaliyalı vingeri Karluş Forbş Fransanın PSJ və İngiltərənin "Arsenal" klublarının maraq dairəsinə düşüb.
İdman.Biz xəbər verir ki, Paris təmsilçisi Xviça Kvaratsxeliya və Dezire Duenin ciddi zədələrindən sonra hücum xəttini gücləndirmək üçün variantlar axtarır. Hər iki futbolçu dizin çarpaz bağlarının qopması səbəbindən uzun müddətə sıradan çıxıb.
PSJ rəhbərliyi 22 yaşlı portuqaliyalı futbolçunun transferini heyəti gücləndirmək üçün maliyyə baxımından ən əlverişli variantlardan biri hesab edir.
Lakin Paris klubu Forbşun transferi uğrunda Portuqaliya millisinin üzvünün xidmətində maraqlı olan Londonun "Arsenal" klubu ilə rəqabət aparmalı olacaq.
Qeyd edək ki, "Transfermarkt" portalı Karluş Forbşun bazar dəyərini 23 milyon avro (46 milyon manat) qiymətləndirir.