top
Eldəniz Əzizli Astanada beşinci dəfə dünya çempionu olub Idman.biz
26 oktyabr 2026, 12:42
- ↺ +

Eldəniz Əzizli Astanada beşinci dəfə dünya çempionu olub

Oktyabrın 25-də Qazaxıstanın paytaxtı Astanada beşinci dəfə dünya çempionu olan yunan-Roma güləşçisi Eldəniz Əzizli Azərbaycan idman tarixində yeni rekorda imza atıb.

İdman.Biz cenublu.az-a istinadən xəbər verir ki, 34 yaşlı idmançı 55 kq çəki dərəcəsinin finalında iranlı Pəyam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək ölkəmizin ən titullu güləşçisi statusunu daha da möhkəmləndirib.

Bəs Beyləqanda dünyaya gələn və ilk addımlarını burada atan Eldəniz Əzizlinin həyatı haqqında nələri bilirik?

Onun karyerasından və şəxsi həyatından 10 maraqlı faktı təqdim edirik.

1. Beyləqanda doğulub, uşaqlığı burada keçib

Eldəniz Yəmən oğlu Əzizli 1992-ci il aprelin 20-də Beyləqan rayonunda anadan olub.

Güləşçinin idmana gedən yolu da məhz doğma rayonundan başlayıb. O, 2006-cı ilədək Beyləqanda məşq edib, daha sonra ölkə çempionatındakı nəticələrinə görə milli komandaya dəvət alıb.

2. Məktəbin yanındakı idman zalı həyatını dəyişib

Eldəniz Əzizlinin güləşçi olmaq qərarında təsadüfün də rolu var.

Onun oxuduğu məktəbin yaxınlığında güləş zalı açılıb. Balaca Eldəniz hər gün dərsdən sonra özündən böyük uşaqların həmin zala getdiyini görüb.

Nəhayət, atasından onu da məşqlərə yazdırmasını xahiş edib.

Beləliklə, 1999-cu ildə, cəmi 7 yaşında güləşlə məşğul olmağa başlayıb.

3. Əslində, karyerasına sərbəst güləşlə başlayıb

Bu faktı çoxları bilmir. Bu gün dünyanın ən güclü yunan-Roma güləşçilərindən biri sayılan Əzizli əvvəlcə sərbəst güləşlə məşğul olub.

Sonradan atasının xalası oğlu olan məşqçisi yunan-Roma güləşi üzrə ayrıca zal açıb və Eldəniz həmin idman növünə keçib.

Maraqlıdır ki, o, hələ 1999-cu ildə iştirak etdiyi ilk yarışda — Beyləqan birinciliyində çempion olub.

4. İlk Avropa çempionluğunu rəqiblərinə xal vermədən qazanıb

Eldəniz Əzizlinin ilk böyük beynəlxalq uğuru 2007-ci ilə təsadüf edir.

O, yeniyetmələr arasında Avropa çempionatında bütün rəqiblərinə qalib gəlib və bir dəfə də olsun üz-üzə gəldiyi opponentlərinə xal qazandırmadan qızıl medala sahib çıxıb.

Bu uğur təsadüfi olmayıb. Əzizli 2008 və 2009-cu illərdə də yeniyetmələr arasında Avropa çempionu adını qazanıb.

Daha sonra 2010-cu ildə gənclər arasında həm Avropa, həm də dünya çempionu olub. 2012-ci ildə isə gənclərin dünya çempionatında yenidən qızıl medala sahib çıxıb.

5. Bir vaxtlar kumiri olan Rövşən Bayramov sonradan rəqibinə çevrilib

Eldəniz Əzizli yeniyetməlik illərində ikiqat olimpiya mükafatçısı Rövşən Bayramovu özünə nümunə seçib.

Bayramovun 2007 və 2008-ci illərdə Avropa çempionu olması gənc güləşçini xüsusilə ruhlandırıb.

Lakin illər keçdikcə onlar eyni çəki dərəcəsində mübarizə aparmalı olublar.

Əzizli sonradan etiraf edib ki, Rövşən Bayramovun yığmadakı güclü mövqeyi onun olimpiya yarışlarında iştirak etmək imkanlarına da təsir göstərib.

6. Karyerasında elə dövr olub ki, yunan-Roma güləşindən ayrılmaq istəyib

2015-ci ildə Əzizli məşqçilərdən biri ilə yaşadığı fikir ayrılığından sonra yenidən sərbəst güləşə keçmək qərarına gəlib.

Hətta sərbəst güləş üzrə Azərbaycan çempionatında iştirak edərək yarımfinala qədər irəliləyib.

Ancaq həmin dövrdə məşqçi Şaban Donat ona 23 yaşadək güləşçilər arasında Avropa çempionatında yunan-Roma güləşi üzrə iştirak etməyi təklif edib.

Əzizli bu yarışda bürünc medal qazanıb və nəticədə yunan-Roma güləşinə qayıdıb.

Bir neçə il sonra isə bu növdə dünya çempionu olub.

7. Dünya çempionluğunu zədə ilə də qazanıb

Eldəniz Əzizlinin 2023-cü ildə Belqradda əldə etdiyi dünya çempionluğu xüsusilə çətin şəraitdə qazanılıb.

Həmin turnirdən sonra verdiyi müsahibədə idmançı sinə nahiyəsində sınıq olduğunu açıqlayıb.

Buna baxmayaraq, yarışa yüksək səviyyədə hazırlaşdığını və özünü karyerasının ən yaxşı formasında hiss etdiyini söyləyib.

Nəticədə bütün çətinlikləri geridə qoyaraq üçüncü dəfə dünya çempionu adını qazanıb.

8. Beşinci dünya çempionluğu həm də bir illik revanşın nəticəsidir

Eldəniz Əzizli ilk dəfə 2018-ci ildə dünya çempionu olub. Daha sonra 2022, 2023 və 2024-cü illərdə bu uğurunu təkrarlayıb.

2024-cü ildə dördüncü qızıl medalı qazanaraq Azərbaycan güləşi tarixində rekord müəyyənləşdirib.

Lakin 2025-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinalda iranlı Pəyam Əhmədiyə məğlub olaraq bürünc medalla kifayətlənib.

Bir il sonra Astanada onların yolları yenidən kəsişib. Bu dəfə finaldakı qarşılaşmadan qalib ayrılan Əzizli olub — 3:1.

Beləliklə, beşinci dünya çempionluğu onun üçün həm də ötənilki məğlubiyyətin revanşı olub.

9. Beşqat dünya çempionudur, amma Olimpiya Oyunlarında medal qazanmayıb

Əzizlinin karyerasının ən maraqlı və müəyyən qədər təəssüf doğuran məqamlarından biri budur.

Onun əsas uğurlarını qazandığı 55 kq çəki dərəcəsi hazırda olimpiya proqramına daxil deyil.

İdmançı 2024-cü ildə verdiyi müsahibədə seçim qarşısında qaldığını açıqlayıb: ya çəkisini dəyişərək 60 kq-da Paris Olimpiadasına qatılmağa çalışmalı, ya da 55 kq-da dünya çempionluğu rekordunu yeniləməli idi.

O, ikinci yolu seçib.

Əzizli olimpiya medalının hər idmançı üçün xüsusi əhəmiyyət daşıdığını bildirsə də, yaş artdıqca daha ağır çəkiyə keçməyin çətin olduğunu vurğulayıb.

10. Övladlarının peşəkar güləşçi olmasını istəmir

Dünya güləşində rekordlara imza atan Eldəniz Əzizli öz övladlarının da onun yolunu davam etdirməsinə həvəsli deyil.

İdmançının iki qızı və bir oğlu var.

O, müsahibələrinin birində oğlunun sağlamlığı üçün idman zalına getdiyini, lakin onun peşəkar idmançı olmasını istəmədiyini bildirib.

Səbəb isə peşəkar güləşin nə qədər ağır və riskli olduğunu şəxsən bilməsidir.

Əzizlinin fikrincə, peşəkar idman insanı böyük zirvələrə qaldıra bildiyi kimi, ciddi məğlubiyyətlərlə də üzləşdirə bilər.

Beşinci qızıldan sonra nə olacaq?

Eldəniz Əzizli 2026-cı ilin əvvəlində növbəti dünya çempionatından sonra karyerasını başa vurmaq istədiyini açıqlamışdı.

Astanada arzuladığı beşinci qızıl medalı qazandıqdan sonra isə yekun qərarı şəxsi məşqçisi və Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə məsləhətləşərək verəcəyini bildirib.

İdmançının gələcəklə bağlı başqa bir arzusu da var: öz adını daşıyan güləş məktəbinin yaradılması və topladığı təcrübənin gənc nəslə ötürülməsi.

Astanada mükafatlandırma mərasimində Azərbaycan himni səslənərkən kövrələn çempion Beyləqandan Bakıya gəldiyi günləri, məşqlərini, çətinliklərini və məğlubiyyətlərini xatırladığını deyib.

Beyləqanda məktəbin yanındakı kiçik idman zalından başlayan yol onu dünyanın beşqat çempionu zirvəsinə gətirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:55

“Sabah”ın Barselona ilə qarşılaşmasına 65 min azarkeş gələcək

Futbol
Bu gün, 22:41

Liverpool 4-0-ə Manchester United-ı məhv etdi

Futbol
Bu gün, 22:30

“Mançester Yunayted” yeni baş məşqçi ilə darmadağın oldu

Futbol
Bu gün, 22:30

Sabah rəhbərliyi Raxmonaliyevi qışda satmağı planlaşdırmır

Futbol
Bu gün, 22:16

Ozan Tufanın 5-ci dəqiqədəki qolu "Trabzonspor"a qələbə gətirdi

Futbol
Bu gün, 22:09

Torald Bayramovun ehtiyatda qaldığı oyun Bursasporun 2-0 qələbəsi

Futbol
Bu gün, 21:40

Barselona Bakıda görüşəcək, otel seçimi nədir?

Futbol
Bu gün, 21:38

Çimərlik futbolu üzrə Asiya çempionatında İraq-Bəhreyn matçından sonra kütləvi dava baş verib

Futbol
Bu gün, 21:15

Aydın Qasımov: Uşaq futbolunda ən böyük problem stadionların bərbad vəziyyətidir

Voleybol
Bu gün, 21:13

U-16 voleybol millimiz Riqada Ukraynaya 3:0 hesabı ilə qalib gəlib

Qarabağ FK
Bu gün, 20:59

“Kəpəz‑Qarabağ” oyunu 15 500 nəfərlik yeni mövsümi tamaşaçı rekordunu yaratdı

Qarabağ FK
Bu gün, 20:54

Azər Məmmədov: Avrokuboklara vəsiqə qazanmaq böyük sensasiya olar

Futbol
Bu gün, 20:50

Bavariyanın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib

Futbol
Bu gün, 20:50

Taleyi yeni baş məşqçidən asılıdır - Premyer Liqa mənsubunda

Qarabağ FK
Bu gün, 20:48

“Kəpəz”in baş məşqçisi: “İmkanlardan yararlansaydıq, “Qarabağ”ı məğlub edə bilərdik”

Futbol
Bu gün, 20:35

Bundesliqa: “Auqsburq”dan inamlı qələbə

Qarabağ FK
Bu gün, 20:30

Kəpəz – Qarabağ (0:0): VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:28

Gəncə futbolunun əfsanəsi yenidən “Kəpəz”də

Futbol
Bu gün, 20:25

"Real" Madriddəki qalibiyyəti son dəqiqələrdə əldə etdi - VİDEO

Futbol
Bu gün, 20:16

Liqa 1: “Paris” “Anje”ni darmadağın etdi - ikinci hissədə dörd qol

Futbol
Bu gün, 20:08

Premyer Liqa: “Brayton”a son dəqiqələrdə şok, Makberni üç dəqiqəyə dubl etdi

Qarabağ FK
Bu gün, 20:05

Qurban Qurbanov: Sanki Avropada idik

Futbol
Bu gün, 20:02

Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi

Qarabağ FK
Bu gün, 20:00

Qurban Qurbanov: “Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir”

Oxşar xəbərlər