top
Qurban Qurbanov: Sanki Avropada idik Sportify.az
Bu gün, 20:05
- ↺ +

Qurban Qurbanov: Sanki Avropada idik

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Kəpəz”lə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransı keçirib.

Bizi Instagramda izləİzləBizi Threads-də izləİzləBizi Telegram-da izləİzləBizi Facebook-da izləİzlə

Sportify.az xəbər verir ki, 54 yaşlı mütəxəssis öncə matçı dəyərləndirib:

– İlk növbədə, burada yaradılan atmosferə görə Gəncə rəhbərliyinə, azarkeşlərə, ümumiyyətlə, komandaya təşəkkür edirəm. Həqiqətən, sanki Avropada, avrokubok oyununda idik. Hələ meydana çıxmazdan təxminən bir saat əvvəl bu atmosferi hiss edirdik. Əsl futbol üçün bütün şərait var idi.

Futbolçularıma da təşəkkür edirəm. Onlar sona qədər qələbə qazanmaq üçün hər şeyi etməyə çalışdılar. Bizim azarkeşlərimiz də burada idi və oyunun sonuna qədər komandaya dəstək oldular. Onlara da təşəkkür edirəm.

Əlavə edəcəyim söz yoxdur. Bu futboldur. “Kəpəz”in futbolçuları və məşqçiləri, ümumiyyətlə, hamı məğlub olmaq istəmirdi. Bu istəyə görə onları təbrik etmək lazımdır. Hətta düşünürəm ki, göstərdikləri mübarizəyə görə ən azı məğlub olmamağı haqq edirdilər.

Bizə gəldikdə isə, geriyə addım yoxdur, yalnız irəli baxacağıq. Qarşıdakı oyunlara daha pozitiv yanaşmalı, daha yaxşı hazırlaşmalı və rəqiblərin üzərinə daha çox getməliyik. İnanın ki, bir tərəfdən sevindirici haldır: bizə qarşı hər zaman hansısa sistem dəyişdirilir, rəqiblərin istəyi həddindən artıq böyük olur. "Qarabağ"a qarşı motivasiyanın daha yüksək olması komandamıza verilən dəyəri göstərir.

Əvvəlki oyunlarda da çempionatın gücünü hiss etmişdik. İndi isə futbolçularımız bunu getdikcə daha yaxşı anlayırlar. Dediyim kimi, geriyə addım yoxdur, yalnız irəli baxacağıq. Daha yaxşı, daha çalışqan və daha məsuliyyətli olmalıyıq. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı kollektiv nümayiş etdirəcəyik.

– İkinci hissədə komandanızın göstərdiyi təzyiq ilk hissədə görünmürdü. Bu, sizin taktiki gedişiniz idi, yoxsa "Kəpəz"in pressinqi buna səbəb oldu?

– Rəqibi hər zaman nəzərə almaq lazımdır. İlk hissədə rəqib komanda həm daha istəkli, həm də daha aktiv olur. Onlar çox ağıllı şəkildə əks-hücumlarda oynayırdılar. İstər-istəməz həm onlar, həm də biz çox güc itirirdik.

Lakin oyunun sonlarına yaxın, xüsusilə ikinci hissədə daha güclü olduq və rəqibi öz meydanında saxlaya bildik. Belə oyunlarda rəqibi nəzərə almaq lazımdır. Əgər bizə imkan vermirlərsə və oyunumuz alınmırsa, bu, daha çox rəqibin bacarığı və qabiliyyəti ilə bağlıdır.

– Bugünkü atmosfer sizi Azərbaycan futbolunda əvvəlki illərə qaytardımı?

– Bəli, bəzən əvvəlki illər yadıma düşür. Gəncədə həmişə azarkeş olub. Əvvəllər, hətta bu stadion tikilməmişdən öncə də oyunlarımıza təxminən 20 min azarkeş gəlirdi. Bəzi qarşılaşmalarda 25 min tamaşaçı ilə rekord qeydə alınmışdı. Burada azarkeşlər həmişə futbola maraq göstəriblər, xüsusilə də bizim oyunlarımızda.

Bu gün bir qədər 2004-cü ildəki “qızıl oyun”un atmosferini də hiss etdim. Həmin vaxt da stadion tam dolu idi və sona qədər möhtəşəm ab-hava yaşanmışdı.

Ümumiyyətlə, hər şey xoş idi. Meydança yaxşı vəziyyətdə idi, azarkeş mədəniyyəti də diqqətimi çəkdi. Bu gün nalayiq ifadələrin işlədilməməsi, tribunaların sırf futbol azarkeşliyi ilə yadda qalması mənim üçün xoş oldu.

Futbolçularımızın vəziyyətinə gəldikdə, bəziləri milli komandadan qayıtmışdı və yalnız bir məşqdə iştirak edə bilmişdilər. Buna görə də bir qədər ehtiyat edirdik. Renaldo Sefası meydana buraxmaqla bağlı da tərəddüdüm var idi. Brunu Lanqa daha təcrübəli futbolçudur və müdafiədə oynayır. Onun təcrübəsi qarşıdakı oyunlarda bizə kömək edə bilər. Sefas isə komandaya yeni-yeni uyğunlaşmağa başlayırdı. Milli komandaya getdiyinə görə bir müddət bizimlə olmadı. İstədim ki, heç olmasa bu gün kollektivlə bir qədər vaxt keçirsin və qarşıdakı oyunlarda özünü daha rahat hiss etsin.

Digər futbolçuları da meydana buraxarkən ehtiyatlı davrandım. Çünki onların çoxu milli komandada hər iki oyunu 90 dəqiqə keçirmişdi. Redanı isə ümumiyyətlə meydana buraxmadım. İlk oyundan əvvəl və həmin qarşılaşmanın 37-ci dəqiqəsində ayağında ağrı hiss etmişdi. İkinci oyunda da 37 dəqiqə oynamışdı. Qərarımın səbəbi bunlar idi.

– "Qarabağ"ın əvvəlki oyun fəlsəfəsi, topa nəzarət ənənəsi davam edir. Ancaq ötən mövsümlə müqayisədə komandada temp fərqi hiss olunur. Siz də belə düşünürsünüz?

– Ola bilər. Ümumiyyətlə, ötən il topa daha çox nəzarət edirdik. Çünki futbolçularımız bir qədər fərqli idi. Builki oyunlarımızda sürət daha yüksəkdir. Hücum xəttində daha çox sürətli futbolçularımız var. Bu baxımdan sürətimiz əksinə, artıb.

Amma topa ümumi nəzarət ötən illə müqayisədə bir qədər aşağıdır. Topa nəzarət etsək də, əvvəlki qədər keyfiyyətli deyil. Çünki futbolçularımızın mövqeləri və oyun üslubları bir qədər fərqlidir.

Buna baxmayaraq, hər şeyə pozitiv yanaşıram. Əksinə, yaxşılığa doğru dəyişən çox məqam var. Çempionatın gücü də fərqlidir. Bu il komandalar, məşqçilər və futbolçular daha məsuliyyətli görünürlər. Rəqiblərimiz çempionata tam uyğunlaşıb, daha təcrübəlidirlər. Bir çox komandaların futbolçuları bizimkilərdən daha təcrübəlidir.

Əlbəttə, bütün rəqiblərə qalib gəlmək istərdim. Amma görünən odur ki, daha çox çalışmalıyıq və futbolçularımızdan daha artığını tələb etməliyik.

– Komandanın beş oyunluq qələbəsizlik seriyası var. Bu vəziyyət sizdə ciddi narahatlıq yaradırmı?

– Əlbəttə, beş oyundur qələbə qazana bilmiriksə, bu, problemdir. Xallarımız itirilib və bununla razılaşmamaq mümkün deyil. Qarşıda bizi başqa çətinliklər də gözləyə bilər.

– Bəhlul Mustafazadənin də uzun fasilədən sonra meydana qayıtması ilə bağlı nə deyə bilərsiniz?

– Bəhlul təxminən səkkiz ay idi ki, meydanda yox idi. Son fasiləyə qədər artıq yaxşı səviyyəyə çatmışdı. Lakin bundan sonra əvəzedici komandamızla da oyun keçirdi və onun oyun dəqiqələrini artırmağa çalışdıq.

Düzü, bu gün onun 60 dəqiqə oynaya biləcəyini düşünürdüm. Özündən də necə hiss etdiyini soruşdum. Matçın sonlarına yaxın yorulmuşdu. İnanıram ki, sona qədər dözdüyünə görə ciddi problem olmaz.

Onun bu çempionatı və oyunların səviyyəsini hiss etməsi mənim üçün müsbət məqamdır. Bəhlul top çıxarmağı ən yaxşı bacaran müdafiəçilərdən biridir. Müdafiəçinin əsas vəzifələrindən biri də budur. Bu gün də həmin keyfiyyətlərini göstərdi.

– Azərbaycan millisinin çıxış etdiyi UEFA Millətlər Liqasının D Liqasında ölkələr arasında ikinci yeri tutmasını necə qiymətləndirirsiniz?

– Mən həmişə demişəm ki, ilk növbədə, birinci yeri dəyərləndirmək lazımdır. İnsan məhz bu cür böyüyür. Çempionluq hər futbolçuya, hər məşqçiyə nəsib olmur. Birinci yerdəsənsə, lider olduğunu hiss edirsənsə, gələcəyə daha rahat və məsuliyyətli baxırsan. Buna dəyər vermək lazımdır. Təbrik edirəm, afərin!

– Komanda son oyunlarda qələbə qazana bilmir, səfər matçlarında da uzun müddətdir qol vurmaqda çətinlik çəkir. Qış transfer pəncərəsində hücum xəttinə yeni futbolçu gətirmək planınız varmı?

– İlk növbədə, əlimizdə olan futbolçuları daha yaxşı səviyyəyə çatdırmalıyıq. Digər tərəfdən, ilboyu axtarışlarımız davam edir. Transfer məsələsində istədiyimiz səviyyədə bir-iki futbolçu tapa bilsək, onların komandaya dərhal uyğunlaşması böyük üstünlük olar. Bəzən isə yeni gələn oyunçulara daha çox vaxt lazım gəlir.

Hər bir halda heyətimizi genişləndirmək istəyirik. Axtarışlarımız və danışıqlarımız davam edir. Amma bu o demək deyil ki, bugünkü uğursuzluğun məsuliyyətini transferlərin üzərinə atırıq. Hazırda əlimizdə olan futbolçulara güvənirik. İnanıram ki, bu heyətlə də daha keyfiyyətli oyunlar nümayiş etdirə bilərik.

– Kadi Borges son vaxtlar meydanda bir qədər artıq çəkili görünür. Bu məsələ həm sizi, həm də futbolçunun özünü narahat edirmi? Onunla bağlı hər hansı tədbir görüləcəkmi?

– Əksinə, Kadi son vaxtlar xeyli çəki atıb və daha yaxşı idman formasına düşüb. Sadəcə, fasilələr bəzən futbolçuların müəyyən səviyyəyə çatdıqdan sonra idman formalarını itirməsinə səbəb olur.

Bu il avrokuboklarda oynamadığımız üçün oyun sayımız azdır. Bəzi futbolçularımızın da meydana çıxmaq imkanları məhdud olub. Daim oyunlarda iştirak etmək idman formasının yaxşılaşmasına kömək edir. Ola bilər ki, Kadi hələ tam istədiyimiz formaya çatmayıb. Amma müsbət məqamlar çoxdur və hər şey yaxşılığa doğru gedir.

– Kənardan baxanda alışdığımız "Qarabağ"ı görə bilmirik. Bununla yanaşı, hər oyunda müəyyən inkişaf hiss olunur. Qəbələ matçından bugünkü qarşılaşmaya qədər komandada hansı dəyişiklikləri görürsünüz və prosesin sürətindən razısınızmı?

– Prosesin sürətindən razı deyiləm. Amma əvvəl də qeyd etdim ki, yaxşılığa doğru dəyişən çox məqam var. Söhbət futbolçuların adaptasiyasından və çempionatı hiss etməsindən gedir. Bu, çox vacib amillərdən biridir.

Hər futbolçu çempionatı fərqli hiss edir. Məsələn, Kadi deyir ki, çempionatı artıq hiss edir. Marko Yankoviç də bunu bacarır. Təcrübəli futbolçulardır. Digərləri isə oyun ərzində onlardan daha çox güc sərf etsələr də, hələ çempionata tam uyğunlaşmayıblar.

Ona görə də oyundan-oyuna yaxşılığa doğru dəyişikliklər görürük. Ancaq hər şey hələ tam istədiyimiz kimi alınmır. Bir daha deyirəm, geriyə addım yoxdur, yalnız irəli baxacağıq. Hər şeyə pozitiv yanaşırıq və daha çox çalışmalıyıq. İnanıram ki, müəyyən müddətdən sonra istədiyimiz nəticələri əldə edəcəyik.

– Əvvəlki illərdə "Qarabağ"a daha az tanınan, karyerası o qədər də diqqət çəkməyən futbolçular gəlirdi. Bu mövsüm isə daha yaxşı karyeraya malik oyunçular cəlb olundu və transferlərə daha çox vəsait xərcləndi. Bu amil komandanın əvvəlki səviyyəsinə qayıtmasına nə dərəcədə təsir edir?

– Bu barədə çox danışmaq, müxtəlif fikirlər və iradlar bildirmək olar. Amma işlər yaxşı gedəndə bunları müzakirə etməyə nə ehtiyac var? Uğursuzluq olanda isə istər-istəməz mənim hər hansı fikrim özümüzü sığortalamaq kimi görünə bilər.

Hər bir halda, biz yeni komandayıq, yeni kollektivik. Nəticələrimiz ürəkaçan deyil. Amma ümumilikdə məşqçilərin, komandaların və futbolçuların bizə qarşı necə hazırlaşması mənim üçün maraqlıdır. Azarkeşlərin "Qarabağ"ın oyunlarına xüsusi maraq göstərməsi də diqqət çəkir. İstənilən qarşılaşmada stadionlarda daha çox azarkeş görürük. Bu, bizə həm əlavə məsuliyyət, həm də həyəcan verir. İnanıram ki, zamanla bunu aradan qaldıracağıq.

İllər ərzində komandamızın əsasını təşkil edən futbolçular 4-5, bəzən 6-7 il birlikdə oynayıblar. Biz isə hər il bir-iki futbolçu gətirirdik. İndi isə demək olar ki, hər şeyi sıfırdan qurmağa başlamışıq. Qarşıda yenə müəyyən dəyişikliklər edə bilərik.

Bir daha qeyd edirəm ki, hazırkı futbolçularımızın göstərdiyi oyun onların potensialını əks etdirmir. Onların potensialı daha yüksəkdir. Sadəcə, ola bilər ki, bu günə qədər belə bir məsuliyyət hiss etməyiblər. Oynadıqları klublarda onlardan mütləq çempion olmaq, kubok qazanmaq və hər oyunda qalib gəlmək tələb olunmayıb. Birdən-birə bu tələblərlə üzləşəndə futbolçularda müəyyən həyəcan yaranır və bu, onların oyununa təsir edir. Məncə, əsas çatışmazlıqlardan biri budur.

Əvvəllər komandamızda oturuşmuş kollektiv var idi. Futbolçular çempionatı yaxşı hiss edirdilər, rahat oynayırdılar. Yeni gələn bir-iki oyunçu da onlara qoşulur və qısa müddətdə uyğunlaşırdı. İndi isə vəziyyət fərqlidir.

Bununla belə, indiki futbolçuların potensialının bu olmadığını əminliklə deyə bilərəm. Məsələn, hücum xəttindəki futbolçularımızın hamısı komandaya gəldikləri vaxtla müqayisədə daha yaxşı fiziki formadadırlar. İstər Çepast, istər Kaşko, istərsə də Jaliso olsun, onların fiziki göstəriciləri əvvəlkindən xeyli yaxşılaşıb. Hətta bəzilərinin göstəriciləri əvvəlki ilə müqayisədə təxminən 50 faiz aşağı idi.

Əvvəlki oyunlarda da görürdünüz ki, futbolçular 90 dəqiqəlik matçlarda əzələ problemləri yaşayırdılar. Onlar bu tempə və mübarizəyə hazır deyildilər. Buna görə də müəyyən çatışmazlıqlar var.

Digər komandaların da haqqını vermək lazımdır. "Sabah", "Neftçi", "Zirə", "Kəpəz" və digər komandalar da çox dəyişiklik ediblər. "Turan Tovuz" isə artıq oturuşmuş kollektivdir. Bizim üçün hələ də bir növ soyuq duş davam edir və görünən odur ki, bu proses bir müddət də davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:08

Premyer Liqa: “Brayton”a son dəqiqələrdə şok, Makberni üç dəqiqəyə dubl etdi

Futbol
Bu gün, 20:02

Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi

Qarabağ FK
Bu gün, 20:00

Qurban Qurbanov: “Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir”

Futbol
Bu gün, 19:58

Maktominey İngiltərəyə qayıda bilər?

Qarabağ FK
Bu gün, 19:53

“Avrokuboklara vəsiqə qazanmağımız sensasiya olacaq” – Azər Məmmədov

Qarabağ FK
Bu gün, 19:45

Qurban Qurbanov "Kəpəz"ə qarşı 0:0 hesablı heç-heçəni dəyərləndirib: "Beş oyundur qələbə qazanmamağımız bizi narahat edir"

Qarabağ FK
Bu gün, 19:39

Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" matçındaki heç-heçə ədalətli nəticədir

Futbol
Bu gün, 19:38

Türkiyə Superliqası: “Beşiktaş” altı qollu matçda qalib gəldi

Futbol
Bu gün, 19:29

“İmişli” baş məşqçi seçimini etdi

Qarabağ FK
Bu gün, 19:25

“Barselona” Bakıda diz çökdürüləcək?

Qarabağ FK
Bu gün, 19:25

“Sanki avrokubok matçına çıxmışdıq” – Qurban Qurbanov

Gimnastika
Bu gün, 19:16

Azərbaycan gimnastları Daşkənddəki "Velvet Road" turnirində 3 qızıl, 3 gümüş və 4 bürünc medala sahibdilər

Futbol
Bu gün, 19:10

"Beşiktaş" səfərdə "Konyaspor"u 4:2 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:05

“İmişli”də yeni müqavilə

Futbol
Bu gün, 19:05

La Liqa: “Barselona”dan möhtəşəm geridönüş - VİDEO

Cüdo
Bu gün, 18:45

200 cüdoçu beş dərəcə üzrə kəmər imtahanına qatıldı - FOTO

Futbol
Bu gün, 18:40

Camal Musiala yenidən huşunu itirdi

Futbol
Bu gün, 18:39

“Neftçi” “Naxçıvan”ı məğlub etdi

Futbol
Bu gün, 18:38

Araz-Naxçıvan

Futbol
Bu gün, 18:35

Şəmkir FK-nın prezidenti Adil Əliyev maliyyə dəstəyini tapa bilməyərək vəzifəsindən ayrılıb

Futbol
Bu gün, 18:05

"Araz-Naxçıvan" - "Neftçi" (1:3) — Videoicma

Futbol
Bu gün, 18:01

Mehman Allahverdiyev “Kəpəz”in qonağı oldu

Qarabağ FK
Bu gün, 17:56

“Xankəndi”nin futbolçuları Qarabağ Universitetində olublar - FOTO

Oxşar xəbərlər