Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya"nın Albaniya Superliqasında üç oyunluq qələbə seriyası başa çatıb.
İdman.Biz xəbər verir ki, komanda 12-ci turda səfərdə "Skenderbeu"ya 0:1 hesabı ilə məğlub olub.
Meydan sahiblərinə qələbə qazandıran qol artıq ikinci dəqiqədə vurulub. Laqonidis künc zərbəsindən sonra başla fərqlənib. İlk hissənin sonlarında isə "Eqnatiya"nın vəziyyəti daha da çətinləşib. Albano Aleksi ikinci sarı vərəqəni alaraq meydandan qovulub və qonaqlar görüşün qalan hissəsini 10 nəfərlə keçiriblər.
Start heyətində meydana çıxan Zamiq Əliyev qarşılaşmanı əvəzlənmədən başa vurub. Müdafiəçi ikinci hissədə iki təhlükəli epizodda komandasının köməyinə çatıb. O, 65-ci dəqiqədə rəqibin cinah ötürməsini küncə çıxarıb, 69-cu dəqiqədə isə qapıçının topu uzaqlaşdırarkən yol verdiyi səhvdən sonra təhlükəni sovuşdurub.
Məğlubiyyətə baxmayaraq, "Eqnatiya" 27 xalla turnir cədvəlində liderliyini qoruyur.