Yuri Vernidubun "çempion olmaq istəyən komanda çempion kimi oynamalıdır" sözünün üstündən gör nə qədər vaxt keçib. Zənnim mənim yalıtmırsa, üç-dörd həftə öncə verib o açıqlamanı.
"Neftçi" o tarixdən bəri zirvə yarışının düz mərkəzindədir. 12 turdan sonra Premyer Liqanın lideridirlər. Yeni uğurlu qrafik cızan "Neftçi"nin turnir cədvəlinə hansı müddətə başçılıq edəcəyi hamını maraqlandırır. Elə bəndeyi-xudanızı da.
Düzünü eşitmək istəyirsizsə, Vernidubun hələ komandasından razı qaldığını zənn etmirəm. Necə razı qalsın, 2-3 gənci onlara qarşı oynadan "Araz-Naxçıvan" son 10-15 dəqiqədə üç-dörd real epizoduna girdi. Hələ oyunun gedişində "Araz"ın az fürsət yaxalamadı. Ümumi sıralamada hamıya aşağıdan-yuxarı həsrətlə boylanan "Araz" bu qədər imkan əldə eləyirsə, "Neftçi"nin çıxışını "5+" kimi qiymətləndirmək olmaz. Komanda hər oyunda qol və ya qollar o deməkdir ki, yarımmüdafiə ilə hücum xəttində işlər qaydasındadır. Komanda hər oyunda bir və ya bir neçə qol buraxmaq təhlükəsi ilə üzbəüz qalırsa, bu da o deməkdir ki, müdafiə fazasında işlər acınacaqlıdır.
Şamaxıdakı matçın son bölümü Vernidubun narahatlığının əsəb olmadığını bir daha təsdiqlədi. O, yenə rahat deyil, narahatdır. Fikirli və qayğılıdır. Üç aydır özünü göstərən problemin həllinin hələ də tapılmamasının əmələ gətirdiyi stress bir təcrübəli mütəxəssis olaraq Vernidubu incidirsə, başqalarının "Neftçi"ni əminliklə çempionluğun bir nömrəli favoriti kimi göstərməsi, məncə, səmimiyyətdən xəbər vermir.
ELXAN