Gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili Əbu-Dabidə Usman Nurməhəmmədov və onun komandası ilə baş verən davadan sonra həmkarlarının azad edilməsinə ümid etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, 35 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Dvalişvili saxlanıldıqdan sonra azadlığa buraxıldığını, özünü yaxşı hiss etdiyini və idman fəaliyyətini davam etdirməyə hazır olduğunu bildirib. O, həmçinin hadisədə iştirak edən şəxslərə qarşı heç bir ittiham irəli sürmədiyini vurğulayıb.
"Bildirmək istəyirəm ki, artıq azadlığa buraxılmışam. Özümü yaxşı hiss edirəm, sağlamam və mübarizəni davam etdirməyə hazıram. Ümid edirəm ki, onların hamısını da azad edəcəklər. Mən heç kimə qarşı şikayət etməmişəm. Hamıya sülh və ən xoş arzularımı çatdırıram. Sevginiz və dəstəyiniz üçün təşəkkür edirəm", - deyə o yazıb.
Qeyd edək ki, noyabrın 11-də Əbu-Dabidəki hoteldə Merab Dvalişvili ilə Usman Nurməhəmmədov və onun komandası arasında kütləvi dava baş verib. Hadisədən sonra 10 nəfər saxlanılıb.
Noyabrın 13-də Əbu-Dabi məhkəməsi hadisə ilə bağlı səkkiz nəfəri altı ay müddətinə azadlıqdan məhrum edib. Onlardan altısı, o cümlədən Usman Nurməhəmmədov 300 min dirhəm (təxminən 138 min manat) cərimələnib və cəzalarını çəkdikdən sonra ölkədən deportasiya olunmaları barədə qərar verilib.
Dvalişvili və onun komanda yoldaşı Saba Lazişvili isə 50 min dirhəm (təxminən 23 min manat) cərimələnərək azadlığa buraxılıblar.