Azərbaycan şahmatçısı Nərmin Abdinova Yunanıstanda keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanmaqla yanaşı, tarixi nəticəyə də imza atıb. Araşdırılan arxiv protokollarına əsasən, onun nailiyyətinin qitə birinciliyinin 18 yaşadək şahmatçılar arasında keçirilən yarışları tarixində analoqu yoxdur.
İdman.Biz xəbər verir ki, 18 yaşlı idmançı Hersonissos şəhərində təşkil olunan turnirdə keçirdiyi doqquz görüşün hamısında qalib gələrək maksimum nəticə göstərib - 9 xal. Üstəlik, Abdinova çempionluğunu yarışın başa çatmasına bir tur qalmış rəsmiləşdirib. O, son turda FİDE təmsilçisi Lizaveta Lyaşkeviçə də qalib gəlib.
Avropa Şahmat İttifaqının (ECU), Beynəlxalq Şahmat Federasiyasının (FİDE), "Chess-Results" beynəlxalq bazasının arxivləri və əvvəlki turnirlərin protokolları üzərində aparılan araşdırma göstərib ki, indiyədək 18 yaşadək qızlar və oğlanlar arasında keçirilən Avropa çempionatlarının heç birində qalib doqquz görüşün hamısını qazanmayıb.
Beləliklə, mövcud tarixi məlumatlara əsasən, Nərmin Abdinova Avropa çempionatının ən böyük yeniyetmə yaş qrupunda bütün görüşlərini qələbə ilə başa vuran ilk şahmatçı olub.
Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə polşalı Mateuş Bartel 18 yaşadək oğlanlar arasında Avropa çempionu adını 8,5 xalla qazanıb. 2014-cü ildə isə Azərbaycanın digər şahmatçısı Ülviyyə Fətəliyeva bu yaş qrupunda 8 xalla birinci olub.
Abdinovanın nailiyyətini xüsusi edən amillərdən biri də məhz yaş qrupudur. Kiçik yaşlı şahmatçılar arasında bütün görüşlərdə qələbə qazanmaq hallarına vaxtaşırı rast gəlinsə də, U-18 yarışlarında artıq kifayət qədər təcrübəli, beynəlxalq titullara və yüksək reytinqə malik, uzun illər yarış təcrübəsi toplamış şahmatçılar mübarizə aparırlar.
Belə rəqiblərə qarşı ardıcıl doqquz görüşdə heç bir heç-heçə və məğlubiyyətə yol vermədən qalib gəlmək müstəsna idman nailiyyətidir.
Abdinovanın qələbəsi Azərbaycan şahmatı üçün də tarixi əhəmiyyət daşıyır. Əvvəlki Avropa çempionatlarının əlçatan protokollarının təhlili göstərib ki, ölkəmizin təmsilçiləri indiyədək heç bir yaş qrupunda qitə çempionluğunu 9 mümkün xalla başa vurmayıblar.
Müxtəlif illərdə Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Dürarbəyli, Ülviyyə Fətəliyeva və digər tanınmış şahmatçılar Avropa çempionu olublar. Lakin onların heç biri yarışı maksimum nəticə ilə başa vura bilməyib.
Bu göstəriciyə ən yaxın nəticələrdən birinə isə Gövhər Beydullayeva imza atıb. O, 2017-ci ildə 14 yaşadək qızlar arasında Avropa çempionu olarkən 9 mümkün xaldan 8,5-ni toplayıb.
Qeyd edək ki, bu uğur həm də Azərbaycan Şahmat Federasiyasının ölkədə şahmatın inkişafı istiqamətində apardığı ardıcıl işin nəticələrindən biri kimi qiymətləndirilə bilər. Bu istiqamətdə beynəlxalq yarışların təşkili, o cümlədən "Chess Tour Azerbaijan" seriyası çərçivəsində keçirilən turnirlər də mühüm rol oynayır.
Krit adasında keçirilən çempionatda Abdinovanın üstünlüyünü göstərən daha bir məqam onun ən yaxın izləyicilərini xeyli qabaqlamasıdır. Azərbaycanlı şahmatçı yarışı 9 xalla başa vurduğu halda, gümüş medalçı polşalı Klara Şotka və bürünc mükafatçı ukraynalı Sofiya Moskalets hərəyə 7 xal toplayıblar.
Beləliklə, Nərmin Abdinova 12 illik fasilədən sonra 18 yaşadək qızlar arasında Avropa çempionluğunu yenidən Azərbaycana qazandırmaqla yanaşı, Avropa yeniyetmə şahmatı tarixinə düşəcək nəticəyə imza atıb. Onun bu uğuru həm ölkə şahmatının, həm də qitə şahmatının ən yaddaqalan nailiyyətlərindən biri ola bilər.
Xatırladaq ki, Kritdə keçirilən Avropa çempionatında daha iki Azərbaycan şahmatçısı da mükafatçılar sırasında yer alıb. Tunar Davudov 18 yaşadək oğlanlar arasında 9 mümkün xaldan 7-ni toplayaraq gümüş, Selin Məmmədova isə 8 yaşadək qızlar arasında eyni nəticə ilə bürünc medal qazanıb.