Gürcüstanın "Sakartvelo Orienteering" (Səmtləşmə və Roqeyn üzrə Gürcüstan Assosiasiyası) təşkilatı ilə Azərbaycanın "Mountain Sports Club" (MSC) klubu arasında əməkdaşlıq memorandumu imzalanıb.
İdman.Biz xəbər verir ki, sənəd noyabrın 10-da Tbilisidə imzalanıb.
Memorandum iki təşkilat arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyur. Razılaşmaya əsasən, tərəflər səmtləşmə idmanının inkişafı, məşqçilik və təşkilatçılıq təcrübəsinin mübadiləsi, mütəxəssislərin peşəkar hazırlığının artırılması, eləcə də yarışların təşkili və keçirilməsində qarşılıqlı dəstək istiqamətlərində birgə fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq çərçivəsində səmtləşmə idmanı üçün xəritələrin hazırlanması, yarış marşrutlarının qurulması, təhsil və maarifləndirmə işləri, həmçinin bu idman növünün uşaqlar və gənclər arasında təbliği də nəzərdə tutulur.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən "Mountain Sports Club" Azərbaycanda səmtləşmə idmanı üzrə yerli və beynəlxalq yarışlar təşkil edən aparıcı qurumlardan biridir. Klub bu sahədə idman tədbirlərinin keçirilməsi üzrə geniş təcrübəyə malikdir.
Tərəflər bu əməkdaşlıq vasitəsilə Azərbaycan və Gürcüstan arasında idman əlaqələrini gücləndirməyi, bilik və təcrübə mübadiləsini genişləndirməyi, hər iki ölkənin idmançıları və mütəxəssisləri üçün yeni imkanlar yaratmağı hədəfləyirlər.