"Latsio"nun baş məşqçisi Cennaro Qattuzo futbolçularının yeni çıxan GTA 6 videooyununa görə gec yatmasının problem yaradıb-yaratmayacağı barədə sualı özünəməxsus şəkildə cavablandırıb.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis "Leççe" ilə oyunöncəsi mətbuat konfransında futbolçuların şəxsi vaxtlarına müdaxilə etmək niyyətində olmadığını bildirib.
"PlayStation oynayırlarsa, bu, onların öz işidir. Açığı, hansı oyundan danışdığınızı belə bilmirəm. Bunun problem olduğunu düşünmürəm. Heç vaxt futbolçuya yaxınlaşıb saat neçədə yatdığını və ya GTA oynayıb-oynamadığını soruşmaram. Bu, peşəkarlıq və gördüyün işə hörmət məsələsidir.
Amma sabah səhər saat doqquzda hamımız birlikdə səhər yeməyi yeyəcəyik. Mən də diqqətlə baxacağam ki, görüm kim gecəyarısına qədər oyaq qalıb", - deyə Qattuzo zarafatla vurğulayıb.
Qeyd edək ki, GTA 6 noyabrın 19-da PlayStation 5 və Xbox Series X/S platformaları üçün satışa çıxarılıb.