"Bavariya"nın prezidenti Herbert Hayner Maykl Olisenin gələcəyi ilə bağlı "Real Madrid"in rəhbəri Florentino Pereslə apardığı söhbətin təfərrüatlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, klub rəhbəri bu barədə "t-online" nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, ötən yay Madriddə olarkən Pereslə görüşündə 24 yaşlı fransalı futbolçunun gələcəyi də müzakirə olunub.
"Əlbəttə, Maykl Olise haqqında da danışdıq. Peres məni əmin etdi ki, ‘Real Madrid" yayda nə onun özü, nə də agenti ilə danışıqlar aparıb", – Hayner bildirib.
Son transfer pəncərəsi dövründə Olisenin Madrid klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Hətta "L'Equipe" nəşri futbolçunun Fransa millisindən komanda yoldaşları Kilian Mbappe və İbrahima Konatenin onu "Real Madrid"ə keçməyə razı salmağa çalışdıqlarını yazıb.
Bununla belə, "Bavariya" fransalı futbolçunu buraxmaq niyyətində deyil. Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir.
"Biz bu məsələdə rahatıq. Maykl Olisenin 2029-cu ilədək müqaviləsi var. Məqsədimiz onun uzun müddət ‘Bavariya"da qalması və ‘Real Madrid" məsələsinin ümumiyyətlə gündəmə gəlməməsidir", - klub prezidenti qeyd edib.
Haynerdən "Bavariya"nın Olise üçün 250 və ya 300 milyon avroluq təklifi qəbul edib-etməyəcəyi də soruşulub. O, cavabında klubun keçmiş baş icraçı direktoru Karl-Haynts Rummeniqenin sözlərini xatırladıb:
"Biz satış klubu deyil, transferlər edən klubuq".
"Bavariya" prezidenti futbolçu seçərkən yalnız maliyyə amilinin nəzərə alınmadığını, onun oyun üslubu, xarakteri və şəxsiyyətinin də vacib olduğunu vurğulayıb. O, Olisenin Münhendə özünü rahat hiss etdiyini və klubda sahib olduqlarının fərqində olduğunu bildirib.
Qeyd edək ki, Maykl Olise 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avro qarşılığında "Bavariya"ya transfer olunub. O, ötən mövsüm bütün turnirlərdə 52 oyuna çıxaraq 22 qol vurub və 31 məhsuldar ötürmə edib. Cari mövsümdə isə 15 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.