Azərbaycanın 20 yaşadək çimərlik voleybolçularından ibarət milli komandası Baltikyanı ölkələrin açıq çempionatında medal qazanıb.
İdman.Biz xəbər verir ki, Latviyanın paytaxtı Riqada keçirilən yarışda oğlanlardan ibarət İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Azərbaycan təmsilçiləri 34 komandanın iştirak etdiyi turnirdə bürünc medal uğrunda görüşdə Latviya cütü ilə qarşılaşıblar. Gərgin keçən matç voleybolçularımızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qızların yarışında Azərbaycanı Səbinə Əlizadə və Leyla Əliyeva təmsil ediblər. Cütümüz 27 komandanın mübarizə apardığı turniri 12-ci pillədə tamamlayıb.
Bununla da Azərbaycanın U-20 çimərlik voleybolu komandaları Baltikyanı ölkələrin açıq çempionatındakı çıxışlarını bir bürünc medalla başa vurublar.
11:13
Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında iştirak edirlər.
İdman.Biz xəbər verir ki, iyulun 11-də 18 yaşadək voleybolçuların yarışına yekun vurulub. Azərbaycan bu yaş kateqoriyasında həm qızlar, həm də oğlanlardan ibarət komandalarla təmsil olunub.
Qızların yarışında Feyza Bolat və Cəmilə Bəşirova cütü 37 komanda arasında yeddinci yeri tutub.
Oğlanların mübarizəsində isə Emil Safronov və Tamerlan Tağlıyev dueti 17 komanda arasında doqquzuncu olub.
Bu gün çempionatda 20 yaşadək voleybolçuların yarışına start verilib. Azərbaycan bu yaş kateqoriyasında da həm qızlar, həm də oğlanlardan ibarət komandalarla təmsil olunur.

