İngiltərə Premyer Liqasında "Brentford" doğma meydanda "Everton"u 4:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, "Gtech Community" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri ilk hissədə iki qol vurublar.
Kinə Lyuis-Potter 23-cü dəqiqədə hesabı açıb, cəmi iki dəqiqə sonra isə dublunu rəsmiləşdirib.
"Everton"un vəziyyəti 40-cı dəqiqədə daha da ağırlaşıb. Müdafiəçi Ceyms Tarkovski kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Say üstünlüyü qazanan "Brentford" ikinci hissədə də hücumlarını davam etdirib. 67-ci dəqiqədə Vitali Yanelt uzaq məsafədən möhtəşəm zərbə ilə hesabı 3:0-a çatdırıb.
Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Fabio Karvalyo qoyub. O, künc zərbəsindən sonra yaranan qarışıqlıqdan istifadə edərək topu qapıdan keçirib.
Bu nəticədən sonra xalların sayını 17-yə çatdıran "Brentford" turnir cədvəlində yeddinci pilləyə yüksəlib, 16 xala malik "Everton" isə doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu qarşılaşma "Everton"un baş məşqçisi Devid Moyes üçün əlamətdar olub. Şotlandiyalı mütəxəssis Mersisayd klubunun sükanı arxasında rekord sayda - 593-cü Premyer Liqa oyununa çıxıb. Lakin yubiley xarakterli görüş onun komandası üçün ağır məğlubiyyətlə nəticələnib.