Görünən dağa bələdçi lazım deyil. Dağ da nə dağ?..
"Barselona" ilə qarşılaşmada "Sabah"ı asan sınağın gözləmədiyi aydındır. Söhbət təkcə Avropanın ən titullu klublarından biri ilə oyundan getmir. Komandaların heyət keyfiyyəti, fərdi ustalığı, beynəlxalq təcrübəsi və oyun tempi arasında ciddi fərq var. Nə qədər taktiki yol göstərsək, mümkün ssenariləri təhlil etsək də, bu fərqi bir matç ərzində aradan qaldırmaq mümkün deyil. Buna görə də "Sabah"ın əsas məqsədi rəqibə qarşı üstünlük qazanmaqdan daha çox, onun güclü tərəflərini məhdudlaşdırmaq, səhvləri minimuma endirmək və mümkün zərəri azaltmaq olmalıdır.
Hansi Flikin komandasının son üç qarşılaşması göstərir ki, "Barselona"nın hücum potensialı çox yüksək olsa da, müdafiəsində rəqibin istifadə edə biləcəyi boşluqlar yaranır. Xüsusilə komanda topa sahib olarkən müdafiə xəttini irəli çəkir, itirilən topu dərhal geri qaytarmağa çalışır. Bu sistem rəqibə təzyiq göstərmək baxımından effektivdir, ancaq ilk təzyiq keçildikdə müdafiəçilərin arxasında geniş sahələr açılır. "Atletiko" və "Vilyarreal" bu boşluqlardan sürətli hücumlarla yararlanaraq "Barselona"nın qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmışdı. Deməli, "Sabah"ın əsas hücum planlarından biri topu qazandıqdan sonra uzun müddət ötürmələrlə oynamaq yox, mümkün qədər tez irəli çıxmaq və müdafiə xəttinin arxasına qaçışlar təşkil etmək olmalıdır.
Bu planın işləməsi üçün "Sabah" müdafiə xəttini həddindən artıq irəli çəkməməlidir. Əks halda, "Barselona"nın Pedri, Olmo və digər yarımmüdafiəçiləri müdafiə ilə qapıçı arasındakı boşluğa dəqiq ötürmələr verə bilərlər. Daha məqsədəuyğun variant orta blokda müdafiə olunmaq, xətlər arasındakı məsafəni qısa saxlamaq və rəqibi cinahlara yönəltməkdir. Mərkəzdə boşluq buraxmaq olmaz.
"Atletiko"nun yaratdığı təhlükəli vəziyyətlərdən biri də məhz "Barselona"nın yüksək müdafiə xəttinin arxasına atılan toplarla bağlı idi. Bu epizodlar göstərdi ki, hücumçular düzgün vaxtda qaçış edərsə, kataloniyalıların müdafiəsini çətin vəziyyətə salmaq mümkündür.
Lamin Yamalın Bakıya gəlməyəcəyi xəbəri "Sabah" üçün rəqibin hücum potensialı baxımından müəyyən mənada müsbət məqamdır (təbii ki, Bakıda dünyanın ən istedadlı oyunçularından birini canlı izləmək istəməyənlər üçün yox – red.). İspaniyalı futbolçu sağ cinahda fərdi ustalığı, rəqibini aldatmaq bacarığı və sol ayağı ilə təhlükəli zərbələri ilə "Barselona"nın əsas hücum silahlarından biridir. Onun yoxluğu Flikin komandasının cinahdakı hücum variantlarından birini azaldacaq. Ancaq bunun "Sabah"ın müdafiə işini xeyli asanlaşdıracağı anlamına gəlmir. Çünki kataloniyalıların heyətində Rafinya kimi fərdi keyfiyyətləri ilə oyunun taleyinə təsir göstərə bilən futbolçu var. Üstəlik, "Barselona"nın hücum sistemi ayrı-ayrı oyunçulardan daha çox kollektiv hərəkətlərə əsaslanır.
Fərdi mübarizələrdə xüsusi diqqət Rafinyaya ayrılmalıdır. Braziliyalı futbolçu təkcə cinahdan hücum etməklə kifayətlənmir. Mövqeyini dəyişərək mərkəzə yaxınlaşır, boş zonalara daxil olur və müdafiəçilərin diqqətini yayındırır. Onun qarşısında tək müdafiəçinin qalması risklidir. "Sabah"ın sol cinah müdafiəçisi ilə ona yaxın oynayan yarımmüdafiəçi arasında sığortalama olmalı, Rafinyanın cərimə meydançasının mərkəzinə doğru hərəkət etməsinə imkan verilməməlidir. Eyni zamanda, onun arxasında yaranan boşluqdan əks-hücum zamanı istifadə etmək olar.
"Aston Villa" ilə görüşdə Rafinyanın hərəkətliliyi və cərimə meydançasına vaxtında daxil olması iki qol gətirmişdi. Buna görə də onu yalnız cinah müdafiəçisinin nəzarətinə buraxmaq olmaz. Mərkəz müdafiəçiləri və dayaq yarımmüdafiəçisi onun cərimə meydançasına daxil olduğu anları izləməli, geriyə ötürmələr zamanı zərbə mövqeyinə çıxmasına mane olmalıdır.
"Barselona"nın hücumlarının əsas təşkilatçılarından olan Pedrini də sərbəst buraxmaq olmaz. Ona topu rahat qəbul etmək, başını qaldırıb ötürmə istiqamətini seçmək imkanı verildikdə komanda hücumlarının tempi artır. "Sabah"ın yarımmüdafiəçiləri Pedrini daim təqib etmək əvəzinə, onun ötürmə xətlərini bağlamalı və top qəbul edərkən təzyiq göstərməlidirlər.
Fermin Lopesə qarşı da diqqətli olmaq lazımdır. O, cərimə meydançasına gecikmiş qaçışlarla daxil olur və müdafiəçilərin diqqətindən yayınaraq zərbə mövqeyi tapa bilir. "Atletiko" ilə oyunda onun bu xüsusiyyəti iki qolla nəticələnmişdi.
"Sabah"ın istifadə edə biləcəyi digər məqam "Barselona"nın arxadan qısa ötürmələrlə hücuma başlaması zamanı riskə getməsidir. "Aston Villa" ilə görüşdə rəqibin qapıçıdan müdafiəçiyə ötürmə zamanı etdiyi səhv təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu. "Vilyarreal" isə Ferminin öz meydanında top itirməsindən sonra sürətli hücum quraraq hesabı açmışdı. Bu nümunələr göstərir ki, kataloniyalıları təzyiq altında səhvə məcbur etmək mümkündür. Ancaq "Sabah" bütün komanda ilə kor-koranə irəli atılmamalıdır. Pressinq yalnız ötürmə istiqaməti bağlandıqda və yaxın oyunçular bir-birini sığortaladıqda tətbiq edilməlidir. Əks halda, "Barselona" bir neçə dəqiq ötürmə ilə bu təzyiqi yarıb təhlükəli hücuma çıxa bilər.
Ən vacib məqamlardan biri isə hesabdan asılı olmayaraq, oyun intizamını qorumaqdır. "Vilyarreal"la qarşılaşmada "Barselona" ilk hissədə iki top fərqi ilə geri düşsə də, fasilədən sonra təzyiqi artıraraq qısa müddətdə üç qol vurmağı bacardı. Bu, rəqibin zəif anlarından istifadə etməyin mümkünlüyünü göstərməklə yanaşı, ona fürsət verməyin nə qədər təhlükəli olduğunu da xatırladır. "Sabah" qol buraxdıqdan sonra müdafiə nizamını pozmamalı, tələsik hücumlara çıxmamalı və oyunçular arasında məsafəni qorumağa davam etməlidir.
Nəticə etibarilə, "Sabah"ın "Barselona"ya qarşı uğur qazanması üçün möcüzəvi taktika yoxdur. Səviyyə fərqi böyükdür və bunu qəbul etmək lazımdır. Lakin düzgün müdafiə mövqeyi, mərkəzin bağlanması, Rafinyaya qarşı kollektiv sığortalama, eləcə də top qazanıldıqdan sonra sürətli hücumlar rəqibin işini çətinləşdirə bilər. "Sabah"ın məqsədi topa sahib olmaq naminə riskə getmək yox, hər top itkisini təhlükəyə çevirməmək, rəqibə asan qol imkanları verməmək və yaranan fürsətləri maksimum dəyərləndirmək olmalıdır. Belə bir oyunda hər detalın, hər düzgün qərarın və hər müdafiə müdaxiləsinin qiyməti böyük olacaq. "Barselona"nı dayandırmaq çətin görünür, amma ona rahat oyun imkanı verməmək "Sabah"ın əlindədir.
Bəli, biz konkret oyunçuların adını çəkdik. Dəqiq olan budur ki, zədə səbəbindən müdafiədə Kristensen, yarımmüdafiədə Rodri, hücumda isə Yamal meydana çıxmayacaq. Adlarını çəkdiyim digər sağlam futbolçular da matçı ehtiyat oyunçular skamyasından izləyə bilər. Yəni rəqibin gücünü nəzərə alan Flik Rafinya kimi oyunçularına da istirahət verə bilər. Onları son dəqiqələrdə də meydanda görə bilərik. Biz "Barselona"nın hansı heyətlə meydana çıxacağını bilmirik. Amma "Barsa"nın oyun sistemi məlumdur. Görək, onlar nə edəcək, biz nə edə biləcəyik?!
TAHİR MİRZƏ