"Bavariya"nın fəxri prezidenti Uli Hönessin komandanın yarımmüdafiəçisi Camal Musialanın nümayəndələri ilə keçirdiyi görüşün yeni təfərrüatı məlum olub.
İdman.Biz "Sky Sport Germany"yə istinadən xəbər verir ki, tərəflər hələ 2026-cı ilin avqustunda Almaniyanın Teqernze gölü yaxınlığında bir araya gəliblər.
Görüş Musialanın xəstəliyi ictimaiyyətə açıqlanmazdan və futbolçunun "RB Leypsiq"lə "Haydenhaym"a qarşı yoxlama oyunlarında iki dəfə huşunu itirməsindən əvvəl baş tutub.
Məlumata görə, Höness həmin vaxt 23 yaşlı yarımmüdafiəçinin səhhətindəki problemlər barədə məlumatlandırılıb. Danışıqlar müsbət və qarşılıqlı etimad şəraitində keçib.
Bununla belə, futbolçunun əvvəlki oyun səviyyəsinə qayıda bilməyəcəyi təqdirdə müqavilə şərtlərinin dəyişdirilməsi barədə heç bir razılıq əldə olunmayıb. Tərəflər arasında nə yazılı, nə də şifahi öhdəlik götürülüb.
Son günlər "Bavariya" rəhbərliyinin Musialanın gələcək performansı və yüksək maaşı ilə bağlı açıqlamaları Almaniyada geniş müzakirələrə səbəb olub.
Klubun fəxri prezidenti Uli Höness, sabiq rəhbəri Karl-Haynts Rummenigge və idarə heyətinin sədri Yan-Kristian Dreezenin fikirləri futbolçunun gələcəyi ətrafında qeyri-müəyyənliyi artırıb.
Bu arada Musiala yaşıl meydanlara qayıtdıqdan sonra hazırlığını davam etdirir. O, "Köln"lə qarşılaşmada iştirak edib və çərşənbə günü "Lill"ə qarşı keçiriləcək Çempionlar Liqası matçının iştirak ərizəsinə daxil ediləcək.
Məlumata görə, bazar günü "Bavariya" rəhbərliyi ilə futbolçunun nümayəndələri arasında yenidən əlaqə saxlanılıb.
Komandanın yarımmüdafiəçisi Yoşua Kimmix isə Musiala ətrafında yaranmış vəziyyəti şərh etməkdən imtina edib. O, çərşənbə günü məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.