Türkiyənin "Qalatasaray" klubunun azarkeşi Yusuf Yalçın İstanbulda qaçdığı bildirilən şirin axtarışına qeyri-adi formada qoşulub.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, sosial şəbəkələr üçün videolar hazırlayan azarkeş hadisə yerinə şir maskasında gəlib.
Yalçın bu addımı video çəkmək məqsədilə atdığını açıqlayıb. O, yırtıcı heyvanın sağ ələ keçirilməsinə və hadisə zamanı heç kimin xəsarət almamasına ümid etdiyini bildirib.
"Daily Mail"in məlumatına görə, İstanbulda qaçan şirin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı aparılır. Heyvanın "Qalatasaray"ın ev oyunlarını keçirdiyi stadiondan təxminən 16 kilometr aralıda göründüyü bildirilir.
Şirin meşəlik ərazidə gizləndiyi ehtimal olunur. Axtarışlara polis və fövqəladə hallar xidmətlərinin əməkdaşları da daxil olmaqla təxminən 70 nəfər cəlb edilib. Heyvanın yerini müəyyənləşdirmək üçün pilotsuz uçuş aparatlarından da istifadə olunur.
Hadisə "Qalatasaray"ın Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda İngiltərənin "Aston Villa" klubu ilə keçirəcəyi oyundan əvvəl baş verib.
Britaniyalı jurnalistlər hadisənin qarşılaşmanın təşkilinə mümkün təsiri ilə bağlı UEFA-ya sorğu göndəriblər. Lakin məlumatın yayıldığı vaxtadək qurumdan cavab alınmayıb.
Maraqlıdır ki, "Qalatasaray"ın ən məşhur ləqəblərindən biri "Şirlər"dir. Azarkeşin məhz şir maskasında görünməsi hadisəyə əlavə maraq qatıb.
Qeyd edək ki, "Qalatasaray" - "Aston Villa" qarşılaşması noyabrın 24-də İstanbulda keçiriləcək.