Fransanın PSJ klubu rusiyalı qapıçısı Matvey Safonovla müqaviləni uzatmağa hazırlaşır.
İdman.Biz "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 27 yaşlı futbolçuya yeni sözləşmə təklif edib.
Məlumata görə, klub rəhbərliyi ilə qapıçının nümayəndələri arasında danışıqlar son günlər əhəmiyyətli dərəcədə irəliləyib. Tərəflərin razılığa gələcəyi gözlənilir.
PSJ rəhbərliyi Safonovun komandadakı mövqeyinin güclənməsini və əsas heyətdəki çıxışını nəzərə alaraq onun əməkhaqqını da əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Rusiyalı qapıçı hazırda Paris klubunun əsas heyətində ən az maaş alan futbolçulardan biridir. Fevralda yayılan məlumatlara görə, onun illik əsas məvacibi üç milyon avro (təxminən 5,7 milyon manat) təşkil edir.
Müqayisə üçün, komandadakı digər qapıçı Lukas Şevalyenin bundan təxminən iki dəfə çox qazandığı bildirilir.
Safonovun PSJ ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Yeni razılaşmanın bu müddəti daha da uzadacağı gözlənilir.
Qeyd edək ki, Rusiya millisinin üzvü 2024-cü ilin yayında "Krasnodar"dan PSJ-yə transfer olunub. O, tədricən komandada əsas qapıçı statusunu qazanıb.