İngiltərə klubu "Aston Villa" Çempionlar Liqasında Türkiyə təmsilçisi "Qalatasaray"la oyun öncəsi İstanbulda nəzərdə tutulan məşqini ləğv edib.
Sportify.az xəbər verir ki, buna səbəb Türkiyə klubunun "RAMS Park" stadionundakı ot örtüyünün vəziyyətidir.
İngiltərə təmsilçisi mətbuat konfransını və oyundan əvvəlki məşqini öz ölkəsində keçirmək qərarına gəlib.
Qeyd edək ki, "Aston Villa"nın stadionun yaxınlığında yerləşən özəl heyvanat məkanından qaçan dişi şirə görə məşqi ləğv etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
"RAMS Park"ın ot örtüyünün yararsız vəziyyətdə olması səbəbindən noyabrın 21-də Türkiyə çempionatının 12-ci turunda "Qalatasaray" – "Samsunspor" matçı başqa stadionda – "Başakşehir Fatih Terim" arenasında keçirilib. Son bir neçə ayda stadionun ot örtüyü futbolçuların və məşqçilərin narazılığına səbəb olub.
Xatırladaq ki, "Qalatasaray" – "Aston Villa" qarşılaşması noyabrın 24-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək. Matç Bakı vaxtı ilə oyun saat 21:45-də başlayacaq.