İspaniyanın "Real Madrid" futbol klubunun rəhbərliyinə tennis əfsanəsi Rafael Nadalın daxil edilməsi planlaşdırılır.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin Direktorlar Şurası noyabrın 4-də keçirilən iclasında 22 dəfə "Böyük Dəbilqə" turnirlərinin qalibi olan sabiq tennisçinin quruma üzv qəbul edilməsi barədə qərar qəbul olunub.
Lakin Nadalın təyinatı noyabrın 21-də keçiriləcək klub üzvlərinin növbədənkənar Baş Assambleyasında təsdiqlənməlidir.
Uşaqlıqdan "Real Madrid" azarkeşi olan 40 yaşlı ispaniyalı 15 ildən artıqdır ki, klubun fəxri üzvüdür. O, təklifə müsbət cavab verərək klubun prezidenti Florentino Peresə və rəhbərliyə təşəkkürünü bildirib.
Nadal yeni vəzifəsində öyrənməyə və komandaya mümkün qədər töhfə verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Rafael Nadal peşəkar karyerası ərzində 92 fərdi titul, o cümlədən 22 "Böyük Dəbilqə" çempionluğu qazanıb. İkiqat Olimpiya çempionu 2024-cü ilin noyabrında karyerasını başa vurub.