Venesuelanın paytaxtı Karakasda keçirilən U-20 dünya çempionatında Azərbaycan şahmatçıları Xaqan Əhməd və Lalə Hüseynovanın yeddinci turdakı rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, açıq turnirdə mübarizə aparan Xaqan ağ fiqurlarla hindistanlı Etan Vazla qarşılaşacaq. Rəqibi indiyədək keçirdiyi altı partiyanın hamısını qazanaraq vahid liderdir.
Xaqan isə altıncı turda FIDE bayrağı altında çıxış edən Semyon Novojilovu məğlub edib. Dörd qələbə və iki heç-heçə ilə beş xal toplayan təmsilçimiz əlavə göstəricilərə görə üçüncü pillədə qərarlaşıb. O, növbəti görüşdə qalib gəlsə, Vaza xal hesabında çatacaq.
Qızların yarışında çıxış edən Lalə Hüseynova son iki turu qələbə ilə başa vurub. Altıncı turda kolumbiyalı Nikol Moqolyon Tobarı məğlub edən şahmatçımız dörd xalla səkkizinci sırada yer alıb.
Lalə növbəti turda qara fiqurlarla argentinalı Kandela Fransiskoya qarşı oynayacaq. Rəqibi 2023-cü ildə qızlar arasında U-20 dünya çempionatının qalibi olub.
Bu gün çempionatda istirahət günüdür. Sabah yeddinci və səkkizinci turlar keçiriləcək. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarışa noyabrın 27-də yekun vurulacaq.