Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində noyabrın 27-30-da şahmat məsələlərinin həlli üzrə WFCC Qran-prisinin final mərhələsi keçiriləcək. Yarışın ümumi mükafat fondu 30 min avro təşkil edəcək.
İdman.Biz xəbər verir ki, Dünya Şahmat Kompozisiyası Federasiyasının (WFCC) təşkil etdiyi turnirdə dünyanın aparıcı solvistləri (solvistlər şahmat kompozisiyasında əvvəlcədən hazırlanmış məsələlərin və etüdlərin düzgün həllini tapmaq üzrə ixtisaslaşan idmançılardır - red) ilk Qran-pri çempionu adı uğrunda mübarizə aparacaqlar.
Yarış Fuceyra Şahmat və Mədəniyyət Klubunun yeni binasında təşkil olunacaq. Qran-pri seriyası Fuceyranın vəliəhdi Şeyx Məhəmməd bin Həməd Əl Şərqinin təşəbbüsü ilə yaradılıb.
Finala vəsiqələr 2025 və 2026-cı illərdə keçirilmiş iki dünya və iki Avropa çempionatının nəticələrinə əsasən müəyyənləşdirilib. İştirakçıların ən yaxşı iki nəticəsi nəzərə alınıb.
Təsnifat mərhələsini polşalı Pyotr Murdzya və FİDE bayrağı altında çıxış edən Danila Pavlov hərəyə 87 xalla lider kimi başa vurublar. Polşalı Katser Piorun və almaniyalı Arno Zude isə 72 xal toplayıblar.
Finalın əsas mübarizəsi noyabrın 28-29-da keçiriləcək. İştirakçılar iki gün ərzində altı turda 18 orijinal şahmat məsələsi və etüdünü həll edəcəklər. Bütün tapşırıqlar yarış üçün xüsusi hazırlanıb və əvvəllər dərc olunmayıb.
Ümumi mükafat fondunun 27 min avrosu solvistlər arasında bölüşdürüləcək. Qalib 3800, ikinci yerin sahibi 2900, üçüncü pilləni tutan iştirakçı isə 2400 avro qazanacaq. Hər finalçıya ən azı 750 avro mükafat veriləcək.
Turnirin digər maraqlı xüsusiyyəti şahmat kompozisiyalarının müəllifləri ilə bağlıdır. Finalçılar ilk dəfə təqdim olunan məsələləri gözəllik, aydınlıq, gözlənilməzlik və çətinlik meyarları üzrə qiymətləndirəcəklər. Hər turun ən yaxşı kompozisiyasının müəllifi 500 avro alacaq. Bu məqsədlə ümumilikdə 3000 avro ayrılıb.