Futbol tarixinin ən məşhur simalarından biri olan Kriştianu Ronaldu Çində qeyri-adi şəkildə şərəfləndirilib. Şanxayın məşhur Nankin küçəsində portuqaliyalı hücumçunun yeddi metr hündürlüyündə heykəli ucaldılıb.
İdman.Biz xəbər verir ki, açılışı keçirilən abidə Ronalduya həsr olunan dünyanın ən hündür heykəli kimi təqdim edilib.
Portuqaliya millisinin yeddi nömrəli forması ilə təsvir edilən futbolçunun heykəli onun bütün dünyada tanınan "Siu" qol sevincini canlandırır.
Açılış mərasimində Ronaldunun böyük qardaşı Uqu Aveyru və yaxın dostu Migel də iştirak ediblər. Onlar azarkeşlərlə birlikdə futbolçunun məşhur qol sevincini təkrarlayıblar.
Heykəl Şanxayda yeni fəaliyyətə başlayan CR7 muzeyinin qarşısında yerləşdirilib. Təxminən 3000 kvadratmetr ərazini əhatə edən muzeydə 10 tematik bölmə yaradılıb. Burada Ronaldunun qazandığı mükafatlar, oyun formaları, butsları və karyerasına aid digər eksponatlar nümayiş etdirilir.
Maraqlıdır ki, heykəl daimi olmayacaq. Onun dekabrın sonunadək nümayiş etdirilməsi, muzeyin isə bir il fəaliyyət göstərməsi planlaşdırılır.