Azərbaycan Premyer Liqasında mövsümün gedişatı bir çox gənc və yerli futbolçular üçün ciddi sınaq meydanına çevrilib.
Lakin bu sınaqdan ən üzüağ çıxan, sabitliyi və məhsuldarlığı ilə diqqətləri üzərinə çəkən adların başında, şübhəsiz ki, "İmişli"nin hücumçusu Seyxan Fərəcov dayanır.
"Zirə" ilə baş tutan gərgin qarşılaşmada rəqib qapısından iki top keçirərək dubla imza atan forvard, cari mövsümdəki qol sayını 4-ə çatdırdı və elita səviyyəsində artıq öz sözünü deməyə başladığını nümayiş etdirdi.
I Liqanın bombardirliyindən Premyer Liqanın iddialı yerli forvardına
Seyxan Fərəcovun bu gün sərgilədiyi oyun təsadüfi yüksəliş deyil, mərhələli və zəhmətə söykənən inkişafın məntiqəuyğun nəticəsidir. Ötən mövsüm MOİK-in heyətində 1-ci Liqanın bombardiri olaraq diqqət çəkən gənc hücumçu, yay transfer pəncərəsində "İmişli"yə keçməklə karyerasında yeni səhifə açdı. Aşağı liqadan elita klubuna keçid bir çox yerli oyunçular üçün adaptasiya problemi yaratsa da, Seyxan bu baryeri ilk turlardanca aşmağı bacardı.
Mövsüm başlayandan bəri "İmişli"nin hücum xəttinin dəyişməz simasına çevrilən Fərəcov, demək olar ki, bütün qarşılaşmalarda meydanda olub. Onu digər yerli hücumçulardan fərqləndirən ən mühüm cəhət təkcə cərimə meydançası daxilindəki bitiriciliyi və vurduğu 4 qol deyil, həm də komanda oyununa verdiyi töhfə, yüksək fiziki dözümlülüyü və böyük oyunlarda göstərdiyi xarakterdir. Belə ki, o, yalnız qol vurmaqla kifayətlənməyib cinahlara açılmaqla və ya geriyə çəkilməklə komanda yoldaşlarına boş zonalar yaradır, məhsuldar ötürmələrlə yadda qalır. Müdafiəçilərə daim təzyiq göstərməsi və ikili mübarizələrdən çəkinməməsi isə onu "İmişli"nin əks-hücum modelində əvəzolunmaz fiqura çevirib. Üstəlik, "Zirə" kimi təşkilatlanmış, müdafiə xətti oturmuş və avrokubok təcrübəsi olan bir rəqibə qarşı 2 qol vurmaq onun psixoloji hazırlığının və soyuqqanlılığının bariz göstəricisidir.
Dayanmaq bilməyən iş rejimi və peşəkar yanaşma
Meydandakı bu yüksəlişin arxasında görünməyən, amma həlledici bir pərdəarxası zəhmət dayanır. Seyxan Fərəcov öz üzərində dayanmadan çalışan, inkişafı bir an belə saxlamayan futbolçulardandır. Belə ki, o, komanda məşqləri ilə kifayətlənmir və artıq 2 ilə yaxındır ki, müntəzəm olaraq fərdi məşqlərə qatılır. Fiziki hazırlığını, bitiriciliyini və oyun elementlərini əlavə məşqlərlə təkmilləşdirməsi onun meydandakı dözümlülüyünün və sabitliyinin əsas sirridir.
Bu prosesdə futbolçunun ətrafındakı peşəkar yanaşma da mühüm rol oynayır. Agentləri tərəfindən Seyxana daim səbirli olmaq, kənar söhbətlərə fokuslanmamaq və yalnız öz işini görməklə daha böyük hədəflərə, o cümlədən milli komandaya gedən qapını aça biləcəyi tövsiyə olunur. Fərəcov özü də bu məsələlərə tam peşəkar prizmadan yanaşır. Mətbuatda verilən suallara heç vaxt kənar amilləri günahlandıran və ya narazılıq bildirən tonda cavab vermir. Əksinə, hər dəfə öz üzərində daha çox çalışmalı olduğunu vurğulayır və vəziyyətə özünütənqid prizmasından yanaşır.
Yerli futbolçular üçün canlı nümunə
Son toplanış ərəfəsində milli komandanın heyəti açıqlananda, mətbuatda və azarkeşlər arasında ən çox müzakirə olunan mövzulardan biri məhz Seyxan Fərəcovun siyahıda yer almaması idi. Legionerlərin üstünlük təşkil etdiyi liqada mütəmadi oynayan, artıq 4 qol və məhsuldar ötürmələrlə yadda qalan bir yerli hücumçunun bu performansı təbii olaraq diqqət mərkəzindədir.
Daha da önəmlisi, Seyxan Fərəcov kimi yerli futbolçuların yetişməsi Azərbaycan futbolunda digər gənc oyunçular üçün də canlı nümunədir. Şikayətlənmək yerinə fərdi məşqlərlə özünü inkişaf etdirmək, təmkinli qalmaq və cavabı yalnız yaşıl meydanda vermək – məhz bu mentalitet yerli futbolçuları irəli apara bilər. "Zirə" ilə oyundakı dubl və mövsümdəki 4-cü qol Seyxan Fərəcovun Premyer Liqada artıq təsadüfi ad olmadığını, əksinə, öz sözünü deməyə başlayan ciddi bir hücumçuya çevrildiyini göstərir.
SPORTİNFO.AZ