İspaniyanın "Barselona" klubunun prezidenti Joan Laporta futbol komandasının cari mövsümdə böyük uğurlar qazanacağına inandığını bildirib.
İdman.Biz xəbər verir ki, klub rəhbəri Nyu-Yorkda TUDN telekanalının jurnalisti Mark Krosasa müsahibəsində həm komandanın vəziyyətindən, həm də qarşıya qoyulan hədəflərdən danışıb.
"Bu il "Barselona"nın ili olmalıdır. Baş məşqçi, onun köməkçiləri, fizioterapevtlər və ən əsası futbolçular bunu yaxşı başa düşürlər. Hər il heyətimizi gücləndiririk. Bu mövsüm komandaya qayıdan futbolçular rəqabəti daha da artırıblar. İki-üç fərqli mövqedə oynaya bilən futbolçularımız var. Komandada sağlam rəqabət mövcuddur. Baş məşqçinin vəzifəsi bütün futbolçulara vahid komanda olduqlarını anlatmaqdır. Bu mövsüm bütün diqqətimizi hədəflərimizə yönəltmişik", - deyə Laporta vurğulayıb.
Klub prezidenti Hans-Diter Flikin rəhbərliyi altında komandanın çıxışından razılığını da ifadə edib.
"İşlərimiz yaxşı gedir. La Liqada birinci yerdəyik, Çempionlar Liqasında da vəziyyətimiz yaxşıdır. Fevralda İspaniya Superkubokunda mübarizə aparacağıq. Kral Kubokunun yarımfinalında "Atletiko Madrid"lə qarşılaşacağıq. Azarkeşlərimizin böyük ümidlər bəslədiyini görürəm", - deyə o bildirib.
Laporta ardıcıl üçüncü dəfə İspaniya çempionu olmağın tarixi nailiyyətə çevriləcəyini də diqqətə çatdırıb:
"Mənim üçün ardıcıl üçüncü çempionluq tarixi uğur olardı. Flikin çox aydın ideyaları var. O da yaxşı bilir ki, bu mövsüm Çempionlar Liqasını qazanmaq üçün əlimizdən gələni etməliyik. Biz də bunun üçün çalışacağıq".
Klub rəhbəri bütün məqsədlərə hələ nail olmadıqlarını söyləyib. Onun sözlərinə görə, "Barselona" bu mövsüm Çempionlar Liqası, La Liqa, İspaniya Superkuboku və Kral Kubokunda uğur qazanmağı qarşısına məqsəd qoyub.