İtaliyanın "Komo" futbol komandasının baş məşqçisi Sesk Fabreqas A Seriyasının onuncu turunda "Venetsiya" üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.
İdman.Biz "Tuttomercatoweb" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bu nəticəni mövsümün ən vacib qələbəsi adlandırıb.
"Ötən mövsüm də 1:0 hesabı ilə çox oyun qazanırdıq. Bu, keçirdiyimiz 13 qarşılaşma arasında ən vacib qələbədir. Müasir futbolda qalib gəlmək olduqca çətindir. Komandam xüsusilə müdafiədə yaxşı çıxış etdi. Rəqibə demək olar ki, heç bir imkan vermədik", - deyə Fabreqas bildirib.
Baş məşqçi Samuel Riççinin çıxışını xüsusi vurğulayaraq onu İtaliya futbolunun əfsanələri Françesko Totti və Andrea Pirlo ilə müqayisə edib.
"Riççidən çox razıyam. Mən "Torino" və "Milan"dan tanıdığım Samueli gördüm. O, Totti və Pirlo kimi çox yaxşı oynayır. Əla xarakterə və düşüncə tərzinə malik futbolçudur. Texnikası yüksəkdir, fiziki imkanları da yaxşıdır. Bir qədər də inkişaf etsə, İtaliyada çox güclü oyunçuya çevrilə bilər".
Fabreqas qarşılaşmada mübahisəli hakim qərarına da münasibət bildirib. O, Luis Millanın əlinə dəyən topa görə penalti təyin edilməməsi barədə danışıb.
"Epizodu görəndə mənə aşkar penalti kimi göründü. Lakin sonradan mütəxəssislərlə danışdım. Onlar bunun penalti olmadığını bildirdilər. Şanslı idik", - deyə baş məşqçi etiraf edib.
Qeyd edək ki, "Komo"nun qələbəsini 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lukaş Da Kunya təmin edib. Komanda bu nəticədən sonra xal ehtiyatını 23-ə çatdırıb.