Futbol üzrə Fransanın PSJ komandası ciddi itki ilə üzləşib. Paris təmsilçisinin 21 yaşlı hücumçusu Dezire Due ağır diz zədəsi səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.
İdman.Biz xəbər verir ki, komandanın rəsmi açıqlamasına əsasən, fransalı futbolçunun sağ dizinin ön çarpaz bağı qopub. Onun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Due noyabrın 21-də Fransa Liqa 1-in 11-ci turunda "Nitsa" ilə səfər qarşılaşmasında zədələnib. Matçın 32-ci dəqiqəsində komandasının ikinci qolunu vuran hücumçu bir neçə dəqiqə sonra uğursuz hərəkət zamanı dizindən xəsarət alıb.
Ağrılar içində yerə yıxılan futbolçu görüşü davam etdirə bilməyib və xərəkdə meydandan çıxarılıb.
PSJ-nin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra baş məşqçi Luis Enrike zədənin ciddi olduğunu açıqlayıb. Növbəti gün keçirilən tibbi müayinələr isə ilkin narahatlıqları təsdiqləyib.
Fransa təmsilçisinin açıqlamasına görə, Duenin cərrahi əməliyyat olunması nəzərdə tutulur. Zədənin xarakterini nəzərə aldıqda, onun 2026/2027 mövsümündə yenidən meydana çıxması gözlənilmir.
Qeyd edək ki, PSJ daha əvvəl Xviça Kvaratsxeliyanı da eyni tipli diz zədəsi səbəbindən itirib. Beləliklə, Paris təmsilçisi qısa müddətdə iki hücumçusunun xidmətindən məhrum qalıb.