Türkiyə Superliqasının 12-ci turunda "Göztepe" səfərdə "Erzurumspor"u 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ehtiyat oyunçular sırasında yer alıb.
İdman.Biz xəbər verir ki, Erzurumdakı Kazım Karabekir stadionunda keçirilən görüşün ilk hissəsi qolsuz başa çatıb.
Matçın taleyini ikinci hissədə meydana daxil olan Efkan Bəkiroğlu həll edib. 69-cu dəqiqədə oyuna qoşulan futbolçu bir dəqiqə sonra fərqlənərək İzmir təmsilçisinə qələbə qazandırıb.
"Erzurumspor"un heyətində çıxış edən Nəriman Axundzadə oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Məğlubiyyət meydan sahiblərinin azarkeşlərinin narazılığına səbəb olub. Görüşün sonlarında tribunalar baş məşqçi Sərkan Özbalatanı istefaya çağırıb.
Bu nəticədən sonra "Göztepe" xallarının sayını 18-ə çatdırıb və səkkizinci pilləyə yüksəlib. "Erzurumspor" isə 14 xalla 13-cüdür.