Argentina millisinin futbolçusu Leandro Paredes canlı yayım zamanı huşunu itirib.
Apasport.az xəbər verir ki, hadisə 32 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi "Boka Xuniors"un Cənubi Amerika Kubokunun finalında Braziliyanın "Atletiko Mineyro" klubunu 2:0 hesabı ilə məğlub etməsindən sonra baş verib.
Paredes qarşılaşmadan sonra jurnalistə müsahibə verərkən qəfil özünü pis hiss edərək yerə yıxılıb. Futbolçuya dərhal tibbi yardım göstərilib.
Argentinalı oyunçu matç zamanı da səhhətində narahatlıq hiss edib. İlk hissədə başgicəllənməsi yaşayan Paredes ikinci hissədə əvəzlənməsini istəyib.
Məlumata görə, Kolumbiyanın Barrankilya şəhərindəki yüksək temperatur və rütubət futbolçunun səhhətinə təsir göstərib.
Paredes sonradan sosial şəbəkə hesabında paylaşım edərək vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Leandro Paredes 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.
Paredesin komandası "Boka" "Atletiko Mineyro" üzərində 2:0 hesablı qələbə qazanaraq Cənubi Amerika Kubokunun qalibi olub.