İtaliyanın "İnter" futbol komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlunun gələcəyi qeyri-müəyyən olaraq qalır. Türkiyə millisinin 32 yaşlı üzvü ilə müqavilənin uzadılması istiqamətində aparılan danışıqlarda fikir ayrılıqları yaranıb.
İdman.Biz xəbər verir ki, transfer insayderi Əkrəm Konurun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, Türkiyənin "Fənərbağça" və "Qalatasaray", eləcə də İtaliyanın "Yuventus" futbol komandaları Çalhanoğlunun vəziyyətini diqqətlə izləyirlər.
"İnter" rəhbərliyi təcrübəli futbolçu ilə əməkdaşlığı davam etdirmək istəyir. Lakin Milan təmsilçisi yeni müqavilədə onun illik məvacibini azaltmağı planlaşdırır.
Çalhanoğlu isə mövcud müqaviləsində nəzərdə tutulan illik 6,5 milyon avroya (13 milyon AZN) yaxın məbləğdə maaş almaq niyyətindədir. Tərəflərin maliyyə şərtləri ilə bağlı fərqli mövqeləri danışıqlarda razılığın əldə olunmasına mane olur.
Türkiyəli yarımmüdafiəçinin "İnter"lə müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq. Razılaşma uzadılmasa, futbolçu 2027-ci ilin yanvarından etibarən digər klublarla mövsümün sonunda azad agent kimi keçid üçün ilkin müqavilə bağlaya biləcək.
Qeyd edək ki, "İnter"in Çalhanoğlu ilə yeni müqavilə bağlamaq istəməsinə baxmayaraq, maaş məsələsində tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər.