"Barselona"nın Bakıya gəlməsi futbolsevərlər üçün əsl bayramdır. Belə səviyyəli futbolçuların oyununu canlı izləmək hər bir futbol azarkeşi üçün böyük xoşbəxtlikdir". Bu fikirləri Sport24.az-a Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Şahin Diniyev bildirib.
Təcrübəli mütəxəssis "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Barselona" ilə qarşılaşacağı matçla bağlı fikirlərini bölüşüb:
"Sabah"la "Barselona" arasındakı səviyyə fərqi açıq-aydın görünür. Rəqib həm heyət, həm də təcrübə baxımından çox üstündür. Sadəcə, düşünürəm ki, təmsilçimizin məşqçilər heyəti, futbolçuları və biz azarkeşlər də bu futboldan həzz almalıyıq. Belə bir komanda ilə qarşılaşmaq özü böyük təcrübədir. Artıq "Sabah" Çempionlar Liqasının Liqa mərhələsinə çıxmaqla öz işini görüb. Bu baxımdan komandadan böyük nəticələr, xüsusilə də pley-offa yüksəlməyi gözləmək absurddur. Əlbəttə, bu futboldur, hər şey mümkündür, şans var, amma çox azdır. Dünya futbolunda sensasiyalar tez-tez yaşanır. İstərdik ki, onlardan biri də sabah Bakıda baş versin və "Sabah" futbolsevərləri sevindirsin".
Diniyev Lamin Yamalın Bakıya gəlməməsinin "Barselona"nın oyununa mümkün təsirindən danışıb:
"Lamin Yamalın Bakıya gəlməməsi komandanın çıxışına ciddi təsir göstərməyəcək. Çünki "Barselona"nın heyətində Yamal səviyyəsində çox sayda futbolçu var. Bu komanda kollektiv oyun nümayiş etdirir, yalnız bir oyunçudan asılı deyil. Onların oyun sistemi və futbolçuların fərdi keyfiyyətləri kifayət qədər yüksəkdir. Buna görə də Yamalın yoxluğunun rəqibin ümumi gücünü ciddi şəkildə azaldacağını düşünmürəm".
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də başlayacaq. Matçın baş hakimi şotlandiyalı FIFA referisi Nikolas Uolş olacaq.