"Qəbələ" futbol klubunun yeni baş məşqçisinin adını açıqlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Bildirilib ki, "qırmızı-qaralar" Şimali Makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.
44 yaşlı məşqçi son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərlik edib.
O, müxtəlif illərdə "Drita", "Qostivar", "Renova", "Struqa" (hamısı Şimali Makedoniya) və "Bilis" (Albaniya) klublarının baş məşqçisi, "Əl Cabalayn"nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.
Y.Bekiri 2024-2025-ci illər mövsümündə "Şkendiya" ilə Şimali Makedoniya çempionu olub. Yeni baş məşqçi "Qəbələ"də sentyabrın 20-dən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, "Qəbələ" yeni mövsümə Kaxaber Tsxadadzenin rəhbərliyi altında başlayıb. Lakin Azərbaycan Premyer Liqasındakı uğursuz startdan sonra klub avqustun 31-də gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Komanda ilk üç turda cəmi bir xal toplayıb, iki dəfə məğlub olub və bir dəfə heç-heçə edib. Bu oyunlarda "Qəbələ" heç bir qol vurmayıb.
Tsxadadzenin gedişindən sonra komandanın hazırlığını məşqçilər korpusu həyata keçirib. "İmişli" ilə növbəti rəsmi oyunun (2:1) protokolunda isə "Qəbələ"nin məşqçisi kimi Manaf Kələntərli göstərilib.