Premyer Liqanın 12-ci turu hakimlərlə bağlı söz-söhbətsiz ötüşmədi.
Şənbə günü Şamaxıda yerli komanda ilə "Turan Tovuz" arasında keçirilən qarşılaşmadan sonra müzakirə mövzusu yenə referilər, daha dəqiq desək, verdikləri qərarlar idi.
0:2-lik məğlubiyyətlə barışa bilməyən "Şamaxı" rəsmiləri nəticənin əsas səbəbkarı kimi baş hakim Emin Əliyevi göstərirdilər. Narazılıq isə əsasən "Turan Tovuz"un ilk qolundan əvvəl təyin olunan cərimə zərbəsi və 7-ci dəqiqədə Jo Batista ilə Emin Rüstəmov arasında baş verən ikili mübarizə ilə bağlı idi. Həmin epizodda "Şamaxı"nın gənc müdafiəçisinin braziliyalı hücumçu tərəfindən kobudluğa məruz qaldığı iddia edilirdi.
Hətta rəsmilər Emin Rüstəmovu paltardəyişmə otağından çıxararaq bel nahiyəsindəki zərbə izini hakim-inspektor Ceyhun Haşımova göstərməyi də özlərinə borc bildilər.
Klub rəsmilərinin etirazına bir söz demirik. Qərarlarında şübhəli məqamlar varsa, üstəlik, futbolçu bu cür xəsarət alıbsa, adamların irad bildirməsi normaldır.
Bu cür söz-söhbətin yaranması, narazılığın baş qaldırması, yenə hakimlərin hədəf seçilməsi Emin Əliyevin günahı idi? Bəlkə Hakimlər Komitəsi düzgün bölgü aparmamaqla səhvə yol vermişdi?
Razılaşarsınız ki, "Şamaxı" – "Turan Tovuz" görüşünün gərginlik və prinsipiallıq baxımından çəkisi "Neftçi" – "Araz-Naxçıvan" matçının yükündən daha ağır idi.
Son illərdə iki bölgə təmsilçisi arasında müşahidə olunan münasibətlər heç kimə sirr deyil. Ayxan Abbasovun Tovuz klubundan ayrılaraq Şamaxıya gəlməsindən sonra tərəflər arasında müəyyən intriqanın yarandığını az qala hər kəs bilir. Abbasovun "Şamaxı"dan gedişindən sonra da həmin gərginliyin tam aradan qalxmadığı görünür. Üstəlik, komandaların əvvəlki görüşlərində də hakim qərarları ətrafında müzakirələr yaşanıb.
Turnir cədvəlindəki vəziyyət də qarşılaşmanın əhəmiyyətini artırırdı. Çempionluğa iddialı "Turan Tovuz"la hazırda iddialı ortabablardan sayılan, istənilən rəqibə başağrısı yarada bilən "Şamaxı"nın dueli kifayət qədər prinsipial xarakter daşıyırdı.
İndi isə "Araz-Naxçıvan" – "Neftçi" qarşılaşmasına təyin olunan hakimlərə nəzər salaq.
Turnir cədvəlinin lideri ilə sonuncu pilləsində qərarlaşan komandanın oyununda baş hakim kimi təcrübəli Rəvan Həmzəzadə, dördüncü hakim kimi FIFA statuslu Əliyar Ağayev, VAR-da isə digər FIFA referisi Fərid Hacıyev yer almışdı. Yəni bu görüşdə iki FİFA referisinə, üstəlik, bir təcrübəli hakimə etimad göstərilmişdi.
Əvəzində prinsipiallığı və gərginliyi əvvəlcədən bəlli olan "Şamaxı" – "Turan Tovuz" matçına gənc və təcrübəsi az olan Emin Əliyev göndərilmişdi.
Məhz bu məqamda Hakimlər Komitəsinin bölgüsü ilə bağlı suallar yaranır.
Məgər prinsipiallıq və risk dərəcəsi baxımından bu iki qarşılaşmanın hakim təyinatları arasında belə fərq olmalı idi?
Emin Əliyev karyerasının bu vaxtında o cür təzyiqlə üzləşməli, "Şamaxı" rəsmilərinin və azarkeşlərinin qəzəbinə tuş gəlməli, "Turan Tovuz"un qələbəsi şübhə altına salınmalı idi?
Görünən odur ki, təyinatlar zamanı oyunların xarakteri və mümkün gərginlik səviyyəsi lazımi qədər nəzərə alınmır. Hakim bölgüsündə balansın qorunmaması isə istər-istəməz əlavə müzakirələrə, narazılıqlara və qalmaqallara zəmin yaradır.
HƏBİB / SPORTİNFO.AZ