Qadın futbolçular arasında 2031 və 2035-ci il dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adları açıqlanıb.
Sportify.az xəbər verir ki, FİFA-nın növbədənkənar Konqresində turnirlərin təşkilatçıları rəsmən təsdiqlənib.
2031-ci il mundialına ABŞ, Meksika, Kosta-Rika və Yamayka birgə ev sahibliyi edəcək.
2035-ci il dünya çempionatı isə Böyük Britaniyada təşkil olunacaq. Qarşılaşmalar İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada keçiriləcək.
Tarixi yeniliklərdən biri də yarışın formatının dəyişdirilməsidir. 2031-ci ildən qadınlar arasında dünya çempionatının final mərhələsində ilk dəfə 48 milli komanda mübarizə aparacaq.
2027-ci ildə Braziliyada keçiriləcək növbəti mundialda isə 32 yığma iştirak edəcək.
Qeyd edək ki, qadın futbolçular arasında hazırkı dünya çempionu İspaniya millisidir.