"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Premyer Liqanın 12-ci turunda "Kəpəz"lə qolsuz heç-heçə ilə başa çatan oyundan sonra Sportinfo.az-a müsahibə verib.
- Qələbə üçün nə çatmadı?
- "Kəpəz" səfərinin çətin olacağını bilirdik. Topladığı xalla, oynadığı oyunla yaxşı komanda olduqlarını göstəriblər. Əlavə olaraq meydança amilini qeyd edərdim. Möhtəşəm azarkeş dəstəyi vardı. Bizim üçün də burada oynamaq xoş idi. Təəssüf ki, qol vura bilmədik. Həftə ərzində bunun üzərində çalışmışdıq. Amma yenə olmadı.
- Ardıcıl 4 oyundu qol vura bilmirsiniz. Əsas səbəb nədir?
- Buna rəqib komandaların hazırlığını da qeyd etmək lazımdır. Top bizdə olanda, rəqiblər qapanır, boşluq vermir. Biz də çalışırıq, bu yöndə hazırlaşırıq. Təəssüf ki, yenə olmadı.
- Ardıcıl 5 oyunda qələbə qazana bilməmək bu mövsümün də əldən çıxmaq təhlükəsi yaradır?
- Bəli, bunun fərqindəyik. Vəziyyətdən çıxmaq üçün çox çalışırıq. Mənfi tendensiyanı aradan qaldırmaq istəyirik.
- Uzun aradan sonra start heyətində yer aldın. Nələr deyə bilərsən?
- Çox xoş oldu. Çox uzun müddət kənarda qaldım. Qayıtdığım üçün xoşbəxtəm. İrəlidə uzun yol var, kollektivlə bunu qət eləmək lazımdır.
- Gedənlərdən daha çox kimin yeri görünür və meydanda gözün onu axtarır?
- Hər birinin yeri görünür. Uzun düyü müddət bir yerdə çıxış edirdik. Hər kəs bir-birin gözəl başa düşürdü. İndi yeni komandayıq. Hələ də çətinliklər var. Ümid edirəm ki, qısa müddətdə bunu aradan qaldıracağıq.
- Qurban Qurbanov bu mövsüm çempionatın çətin keçdiyini bildirdi. Əsas fərq nədir?
- Çempionatda sürpriz nəticələr çox olur. Bu da ondan xəbər verir ki, qələbə qazanmaq çox da asan deyil. Bütün komandalar güclənib. Çempionat daha da çətin keçir.
- Boş qapıdan top çıxardın. Baş məşqçi də bildirdi ki, Bəhlul bunu çox xoşlayır...
- Bəli, elədir (gülür). Uşaqlıqdan bunu çox xoşlayıram. Məşqlərdə də belə epizodlara müdaxilə etməyi sevirəm. Ona görə də mənə xoşdur. Çox da çətinlik çəkmirəm.
XANOĞLAN İMANOV