"İmişli" futbol komandasının baş məşqçisi Ervins Perqons Azərbaycan Premyer Liqasının 10-cu turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını, lakin nəticədən məyus olduğunu bildirib.
"İlk növbədə hər iki komandanın azarkeşlərinə yaratdıqları möhtəşəm atmosferə görə təşəkkür edirəm. Belə şəraitdə oynamaq həqiqətən çox xoşdur. Bu stadionda oynamağın çətin olduğunu bilirdik. Azarkeşlərin yaratdığı təzyiqə hazır idik. Ümumilikdə komandamızın çıxışını yaxşı qiymətləndirirəm, amma nəticə istədiyimiz kimi olmadı. Məqsədimiz üç xal qazanmaq idi. Təəssüf ki, rəqib gözəl qol vurdu, biz isə imkanlarımızdan yararlana bilmədik. Nəticədən çox məyusam, amma futbolçularımın göstərdiyi oyunla fəxr edirəm".
Baş məşqçi məğlubiyyətin əsas səbəblərindən də danışıb:
"Əsas səbəb rəqibin qol vurması, bizim isə fərqlənə bilməməyimizdir. Onlar imkanlarından istifadə etdilər, biz isə yox. Amma deyə bilmərəm ki, rəqib bizdən daha yaxşı komanda idi. Oyunun müəyyən hissələrində biz geriyə çəkildik, onlar daha fəal oldular. Digər epizodlarda isə topa daha çox nəzarət etdik, irəlidə pressinq tətbiq etdik. Hər iki tərəf üçün gərgin qarşılaşma oldu. Futbol səhvlər oyunudur. Biz qayda pozuntusuna yol verdik, rəqib isə cərimə zərbəsini dəqiq yerinə yetirdi".
Perqons "Kəpəz"in futbolçusu Namiq Ələsgərovun vurduğu qolda qapıçının məsuliyyəti ilə bağlı sualı da cavablandırıb:
"Düşünürəm ki, çox yaxşı zərbə idi. Qapıçının hərəkətləri barədə geniş fikir bildirmək istəmirəm, çünki qapıçılar üzrə məşqçi deyiləm. Yəqin ki, həmin epizodu qapıçılar üzrə məşqçimizlə birlikdə təhlil edəcəyik. Mənim gördüyüm isə çox gözəl zərbə idi".
Mütəxəssis həftəiçi keçirilən kubok qarşılaşmasının komandanın fiziki hazırlığına təsir etdiyini də vurğulayıb:
"Həftəiçi kubok oyunumuz var idi. Təəssüf ki, bəzi futbolçularımıza istədiyimiz qədər istirahət verə bilmədik. Buna baxmayaraq, komandanın sona qədər göstərdiyi enerjini və mübarizəni bəyəndim. Hətta hesabı bərabərləşdirmək üçün mərkəz müdafiəçimizi hücuma göndərdik. Düşünürəm ki, bu mövsüm həmin stadionda bizim qədər cəsarətlə oynayan çox komanda olmayıb. Digərləri əsasən müdafiəyə çəkilib gözləyirdilər. Biz isə cəsarətli futbol nümayiş etdirdik. Futbolçularımız buna görə təqdirə layiqdirlər".
Baş məşqçi stadiondakı atmosferin onun üçün xüsusi təcrübə olduğunu da qeyd edib:
"Həyatımda çox gözəl stadionlar görmüşəm, amma məşqçi kimi belə atmosferdə ilk dəfə çalışırdım. Futbolçularımızın bir çoxu üçün də bu, ilk təcrübə idi. Oyundan əvvəl onlara dedim ki, futbolçu və məşqçi olaraq hamımız məhz belə anların xəyalını qururuq. Uşaqlıqdan futbola başlayan hər kəs dolu tribunalar qarşısında oynamaq istəyir. Futbol azarkeşlər üçündür. Hər iki komandanın tərəfdarlarına bir daha təşəkkür edirəm. Onlar futbolçuların öz keyfiyyətlərini göstərməsi üçün möhtəşəm şərait yaratdılar".
Qeyd edək ki, "Kəpəz" - "İmişli" qarşılaşmasında yeganə qolu 77-ci dəqiqədə Namiq Ələsgərov vurub.