"Rəhbərlik bu günə qədər mənə "çempion olmalıyıq", yaxud "çempion olacağıq" sözlərini deməyib".
Bunu Sportinfo.az-a açıqlamasında "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri deyib.
I Liqa uğurlu mövsüm keçirən və turnir cədvəlinin yuxarı sıralarında yer alan Gəncə klubunun çalışdırıcısı aşağıdakı söyləyib:
"Mövsümün əvvəlindəki hədəf 5-6-cı yerlər urğunda mübarizə idi. Məqsəd dəyişib, yoxsa olduğu kimi qalıb?
Baş məşqçi kimi özüm hiss edirəm ki, bu liqada az büdcə, Premyer Liqada oynamamış, milli formanı geyinməmiş futbolçularla da çempion olmaq mümkündür.
Mən ilk növbədə öz qarşıma məqsəd qoyuram. Çempionluq yolunda hara qədər irəliləyə bilirəmsə, ora qədər də gedəcəyəm.
Mənim üçün fərqi yoxdur – mənim futbolçum 1000 manat maaş alır, rəqiblərin heyətindəkilər 8-10 min manat. Qoy olsun!
Önəmli olan bəlli futbol fəlsəfəmi aşılamaq, hara qədər irəliləyə biləcəyimi görməkdir. Öz adımdan deyirəm, futbolçularımın daha yaxşı liqalarda oynaması, daha yaxşı qazanması və tanınması üçün çempionluq yolunda gedirəm.
Bu dəqiqə heyətimizdə cəmi bir qapıçı var, onun ümidinə qalmışıq. Heyət baxımından vəziyyətimiz acınacaqlıdır.
I Liqada ən gec yığılan komandayıq. İnşallah, qış fasiləsində heyətimizə 4-5 futbolçu qatmaqla əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".