"Sabah" klubu UEFA-nın iki fərqli intizam qərarı ilə xəbərdarlıq alıb.
Sportify.az xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Bakı təmsilçisinə oktyabrın 13-də keçirilmiş iki oyundakı qayda pozuntularına görə xəbərdarlıq edib.
Çempionlar Liqasının Liqa mərhələsində Çexiyanın "Slaviya Praqa" komandası ilə qarşılaşma zamanı "Sabah" meydançanın qorunması ilə bağlı xəritələrin tələblərini pozub. Bu səbəbdən, klub UEFA Çempionlar Liqasının Reqlamentinin 34.02-ci maddəsi ilə xəbərdarlıq alıb.
Həmin maddədə bütün klubların həm oyundan bir gün əvvəl keçirilən məşqlərdə (tətbiq olunduğu hallarda), həm də oyunöncəsi isinmə hərəkətləri zamanı meydançanın qorunması ilə bağlı müvafiq xəritələrə riayət etməli olduğu bildirilir.
UEFA Gənclər Liqasında isə eyni komanda ilə keçirilmiş matçda tamaşaçıların yoxlanılması və/və ya axtarışı ilə bağlı təhlükəsizlik tələblərinin pozulduğu müəyyənləşdirilib. Bu pozuntu UEFA-nın Təhlükəsizlik və Mühafizə Reqlamentinin 33.01-ci maddəsinə əsasən qeydə alınıb.
Nəticədə "Sabah" klubu hər iki insidentə görə xəbərdarlıqla kifayətlənib.
Qeyd edək ki, “Sabah”ın əsas komandası “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlub etdiyi halda, gənclərdən ibarət kollektiv 0:3 hesabı ilə uduzub.