"Qarabağ" gözümüzün önündə tənəzzül edir. Ötən ilin yanvarından başlayan proses sürətlə davam edir. "Bu gün düzələr, sabah düzələr" ümidləri isə özünü doğrultmur.
Yeni transferlər gələcəyə ümid versə də, "Qarabağ" heç cür toparlana bilmir. Mexanizm sanki parçalanıb. Yeni detallar köhnələrin yerini doldura bilmir. Zarafat deyil, komanda artıq beş oyundur qələbəyə həsrətdir.
Eşitdiyimə görə, uzun müddət "Qarabağ"da daxili yarışlarda mükafat mexanizmi belə olub: futbolçular ardıcıl beş qələbə qazandıqda onlara əlavə mükafat verilirdi. Təsəvvür edin, klubun vəziyyəti nə qədər rahat idi. İndi isə beş oyundur qələbə qazana bilmirlər. Bu gedişlə, deyəsən, hər oyun qələbə qazanmaq üçün ayrıca mükafat təsis etmək lazım gələcək.
Bundan da dəhşətlisi komandanın qol vura bilməməsidir. Dörd oyundur "Qarabağ" rəqib qapısına yol tapa bilmir. Dünənə kimi Premyer Liqa matçlarını sanki birnəfəsə başa vuran, istənilən rəqibə qol vurmağı bacaran kollektivdə indi fərqlənən yoxdur.
Hər kəsin qol vurmağa çalışdığı, hücum potensialı ilə seçilən komandada indi qol vuracaq futbolçu tapılmır. Zədədən qayıdan Savo da, Sefas da hələlik problemi həll edə bilmir. Kaşuk mövsümə pis başlamamışdı, onun da qol hissiyyatı sanki itib.
Qurban Qurbanov da çarəsiz görünür. Nə edəcəyini bilmir demək bəlkə də ağır səslənər, amma görünən odur ki, futbolçular onun planlaşdırdığı oyunu meydanda həyata keçirə bilmirlər. Məşqçinin ideyaları ilə meydandakı reallıq arasında ciddi uçurum yaranıb.
Ən narahatedici məqam isə prosesin yaxşı sonluğa doğru getməməsidir. "Qarabağ" yaxın turlarda vəziyyəti dəyişə bilməsə, söhbət təkcə çempionluğun itirilməsindən getməyəcək. Avrokuboklardan kənarda qalmaq təhlükəsi də getdikcə daha real görünəcək. Bu isə artıq sadəcə uğursuz seriya deyil, ciddi böhran siqnalıdır.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ