Bir vaxtlar İngiltərənin ən böyük futbol istedadlarından biri hesab olunurdu. Cəmi 15 yaşında peşəkar futbolda debüt etdi, 16 yaşında "Arsenal'a" keçdi. Onun uğurlu karyera quracağına inananlar çox idi. Ancaq intizamsızlıq, şəxsi problemlər və yanlış qərarlar karyerasını gözlənilməz istiqamətə yönəltdi.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə istedadı ilə böyük ümidlər vəd edən, lakin həyatında yol verdiyi səhvlər səbəbindən karyerasını çətinliklərlə davam etdirməli olan Cermeyn Pennantın hekayəsindən bəhs edəcəyik.
15 yaşında diqqətləri üzərinə çəkdi
Pennant 1983-cü il yanvarın 15-də İngiltərənin Nottingem şəhərində anadan olub. Erkən yaşlarından futbola maraq göstərən yarımmüdafiəçi 1998-ci ilin dekabrında, cəmi 15 yaşında "Notts Kaunti"nin əsas komandasında debüt edib.
Onun istedadı böyük klubların diqqətindən yayınmayıb. 1999-cu ildə, 16-cı doğum günündə "Arsenal'a" keçib. London təmsilçisi gənc futbolçu üçün "Notts Kaunti"yə iki milyon funt sterlinq ödəyib.
Pennant "Arsenal"ın əsas komandasında debüt edəndə 16 yaş 319 günlük idi. Bununla da o, klub tarixində əsas komandada meydana çıxan ən gənc futbolçulardan biri olub.
2003-cü ilin mayında isə İngiltərə Premyer Liqasında "Sauthempton"la qarşılaşmada het-trik edərək adından söz etdirib. Həmin vaxt onun uğurlu karyera qurması üçün bütün imkanlar var idi.

Böyük istedad, amma sabitlik problemi
Pennantın əsas problemi meydandakı bacarıqları ilə deyil, meydandan kənardakı davranışları ilə bağlı idi. O, "Arsenal"da müntəzəm oynamaq imkanı qazana bilmirdi. "Uotford" və "Lids" klublarına icarəyə göndərilməsi də karyerasında sabitlik yaratmadı.
"Lids"də icarə əsasında çıxış edən futbolçu 2004-cü ildə yenidən London klubuna qayıtdı. Lakin onun üçün əsas heyətdə yer almaq hələ də çətin idi.
2005-ci ilin yanvarında isə "Birmingem Siti"yə icarəyə verildi. Həmin vaxt Pennantın 22 yaşı var idi. Onun karyerasının ən yaddaqalan hadisələrindən biri də məhz bu dövrdə baş verdi.

Bir gecəlik səhv və üç aylıq həbs
Pennant 2005-ci ilin yanvarında sərxoş vəziyyətdə avtomobil idarə edərkən yol-nəqliyyat hadisəsi törədib. Üstəlik, həmin vaxt onun nəqliyyat vasitəsini idarə etmək hüququ da məhdudlaşdırılmışdı.
Futbolçu "Mercedes" markalı avtomobillə Eylsberi şəhərində yol kənarındakı dirəyə çırpılıb. Hadisə yerinə gələn polis əməkdaşları avtomobilin dirəyi sürüyərək hərəkət etdiyini görüblər.
Pennant sərxoş vəziyyətdə avtomobil idarə etməkdə, sürücülük hüququ olmadan sükan arxasına keçməkdə və sığortasız nəqliyyat vasitəsindən istifadə etməkdə təqsirli bilinib. 2005-ci il martın 1-də məhkəmə ona üç aylıq həbs cəzası verib. Həmin vaxt futbolçunun cəmi 22 yaşı var idi.
Bu hadisə onun karyerasına ciddi zərbə vura bilərdi. Ancaq "Birmingem Siti" rəhbərliyi futbolçudan üz döndərməyib və onun komandaya qayıtmasına şərait yaradıb.

Həbsdən çıxdı, iki gün sonra meydana qayıtdı
Pennant üç aylıq həbs cəzasının yalnız 31 gününü həbsxanada keçirib. Martın 31-də azadlığa buraxılıb. Lakin bu, onun tam sərbəst olması demək deyildi. Azadlığa buraxılma şərtlərinə əsasən, futbolçu elektron izləmə qolbağı taxmalı və müəyyən saatlarda evdə olmalı idi.
"Birmingem Siti" rəhbərliyi onun məşqlərə və oyunlara qayıtmasını istəyirdi. Bunun üçün İngiltərə Premyer Liqasına müraciət edilib və futbolçunun elektron qolbaqla meydana çıxmasına icazə verilib.
Beləliklə, 2005-ci il aprelin 2-də "Tottenhem"lə qarşılaşmada Pennant start heyətində yer alıb. Həbsdən çıxdıqdan cəmi iki gün sonra meydana qayıdan futbolçunun ayağında elektron izləmə qolbağı olub.
Pennant İngiltərə Premyer Liqası tarixində elektron izləmə qolbağı ilə meydana çıxan ilk futbolçu kimi yadda qalıb. O, həmin görüşün 55-ci dəqiqəsində əvəzlənib. Buna baxmayaraq, onun meydana bu şəkildə qayıtması futbol tarixinin ən qeyri-adi hadisələrindən birinə çevrilib.

"Birmingem"dən "Liverpul"a, Çempionlar Liqasının finalına
Pennantın hekayəsi həbsdən sonra bitməyib. Əksinə, o, "Birmingem"də yenidən özünü göstərmək imkanı qazanıb. Klub 2005-ci ilin yayında onu "Arsenal"dan birdəfəlik transfer edib.
2006-cı ildə isə futbolçu uşaqlıqdan azarkeşi olduğu "Liverpul"a keçib. Bu, onun karyerasının ən mühüm mərhələlərindən biri olub.
Pennant 2007-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının finalında meydana çıxıb. İngiltərə klubu həmin görüşdə "Milan"a 1:2 hesabı ilə məğlub olsa da, bu qarşılaşma futbolçunun karyerasının ən yaddaqalan anlarından biri olub.
Daha sonra "Real Saraqosa", "Stok Siti", "Vulverhempton" və digər klublarda çıxış edib. Ancaq heç vaxt gənclik illərində onun üçün proqnozlaşdırılan səviyyədə sabit və uğurlu karyera qura bilməyib.
Cermeyn Pennantın hekayəsi futbolun yalnız istedad və bacarıqdan ibarət olmadığını göstərir. Bəzən bir neçə yanlış qərar illərlə qurulan karyeranı təhlükə altına sala bilər. Onun həbsxanadan Premyer Liqa meydanına uzanan yolu isə futbol tarixinin ən qeyri-adi dönüşlərindən biri kimi yadda qalıb.

Daha sonra "Real Saraqosa", "Stok Siti", "Vulverhempton" və digər klublarda çıxış edib. Ancaq heç vaxt gənclik illərində onun üçün proqnozlaşdırılan səviyyədə sabit və uğurlu karyera qura bilməyib.
Cermeyn Pennantın hekayəsi futbolun yalnız istedad və bacarıqdan ibarət olmadığını göstərir. Bəzən bir neçə yanlış qərar illərlə qurulan karyeranı təhlükə altına sala bilər. Onun həbsxanadan Premyer Liqa meydanına uzanan yolu isə futbol tarixinin ən qeyri-adi dönüşlərindən biri kimi yadda qalıb.