UEFA Çempionlar Liqasının 5-ci turunda "Sabah"la bu gün keçiriləcək oyun "Barselona"nın hücumçusu Rafinya üçün əlamətdar ola bilər.
Futbolinfo.az xəbər verir ki, kapitan Kataloniya klubunun bu turnirdə ən məhsuldar ikinci futbolçusu ünvanını ələ keçirməyə yaxındır. Bunun üçün braziliyalı "Sabah"la matçda het-trik etməlidir.
Hazırda 23 qolla "Barsa" tarixinin Çempionlar Liqasındakı ən məhsuldar üçüncü oyunçusu olan Rafinya sabiq hücumçu Luis Suaresdən 2 top geri qalır. O, bu gün dubl edərsə, uruqvaylıya çatacaq, Azərbaycan çempionunu 3 dəfə mərkəzə dəvət edəcəyi təqdirdə isə Suaresi qabaqlayacaq.
"Barselona" tarixinin ÇL-dəki bombardiri 120 qolla Lionel Messidir. Bu mövsüm "Feyenoord" və "Aston Villa" ilə matçlarda dubla imza atan Rafinyanın aktivində 4 qol var.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" oyunu saat 21:45-də başlayacaq.