İtaliyanın "Roma" klubunun futbolçusu Paulo Dibala vaxtilə Fransanın PSJ klubuna keçməyə yaxın olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, argentinalı hücumçu UEFA Çempionlar Liqasında Paris təmsilçisi ilə qarşılaşma öncəsi baş tutmayan transferindən və rəqibin gücündən danışıb.
"PSJ-yə keçməyə çox yaxın idim. Heç bir peşmanlığım yoxdur. Hazırda onlar, şübhəsiz, Avropanın ən yaxşı komandasıdırlar. Möhtəşəm məşqçinin rəhbərliyi altında inanılmaz futbolçularla təsirli sabitlik nümayiş etdirirlər", - deyə Dibala qeyd edib.
Argentinalı futbolçu Luis Enrikenin formalaşdırdığı oyun sistemini də yüksək qiymətləndirib.
"Futbolçular sanki gözüyumulu oynayırlar, komanda maksimum sürətlə hərəkət edir. Hücumçular və cinah oyunçuları dərhal boşluq yaradırlar. Onlara sərbəstlik versəniz, sizi dərhal cəzalandıracaqlar.
Rəqibə hörmət etməliyik. Onların gücünü yaxşı bilirik, amma heç kimdən qorxmamalıyıq. Komanda yoldaşlarıma, məşqçimizə və hazırlığımıza tam güvənirəm. Güclü komanda olduğumuzu göstərmişik", - deyə Dibala bildirib.