Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" Cənubi Koreya çempionatında məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb.
İdman.Biz xəbər verir ki, komanda K Liqa 1-in 36-cı turunda səfərdə "Qanqvon"u 3:1 hesabı ilə məğlub edib.
Meydan sahibləri 24-cü dəqiqədə Çve Byonq-Çanın qolu ilə hesabı açıblar. Lakin 38-ci dəqiqədə Dioqo Oliveyra tarazlığı bərpa edib.
İkinci hissədə üstünlüyü ələ keçirən qonaqlar 53-cü dəqiqədə Qustav Ludviqsonun qolu ilə önə keçiblər. 84-cü dəqiqədə isə Masatoşi İşida yekun hesabı müəyyənləşdirib.
Bu qələbə ilə "Daejeon"un məğlubiyyətsiz seriyası 10 oyuna yüksəlib. Komanda həmin müddətdə yeddi qələbə qazanıb və üç dəfə heç-heçə edib.
Turun digər qarşılaşmasında ikinci pillədə qərarlaşan "Ulsan"ın "İnçeon"a 1:2 hesabı ilə uduzması "Daejeon"un işinə yarayıb.
Hazırda 56 xalla üçüncü pillədə qərarlaşan komanda ikinci yerdəki "Ulsan"dan cəmi bir xal geri qalır. Çempionatın başa çatmasına iki tur qalmış "Daejeon" Asiya Çempionlar Liqasının elit mərhələsinə birbaşa vəsiqə uğrunda mübarizəsini davam etdirir.
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk "Qanqvon"la qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Xatırladaq ki, futbolçu çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən Azərbaycan millisinin noyabr oyunları üçün heyətindən də çıxarılmışdı.